İstanbulda ermənilərin mənfəət qırğını
24 Oktyabr 2012 11:06 (UTC+04:00)
Türkiyədə yaşayan erməni icması gəlir mənfəəti səbəbilə öz
aralarında fikir ayrılığına düşüblər. Məlumata görə, 26 daşınmaz
əmlakı olan və aylıq 2 milyon lirə (874 800 manat – 1 milyon 100
min usd) icarə gəliri olan "Üç Horon" kilsəsi vəqfi səbəbilə erməni
icması iki yerə bölünüb. Türkiyə ermənilərinə aid "Agos" qəzeti
Bəyoğlu erməniləri tərəfindən idarə olunan vəqf idarəçilərini
"yalançılar" adlandırıb.
"Türkiyə" qəzetindən Məlik Duvaqlının məlumatına görə, erməni
icmasından olan bir çox qrup vəqfin idarəsini ələ keçirməyə
çalışır. Hazırki idarə heyəti buna qarşı müqavimət göstərərək
keçiriləcək idarə heyəti seçkisində sadəcə Bəyoğlunda yaşayan 593
qriqoryan ermənisinin səs verə biləcəyini iddia edir. İstanbulda
isə patriarx seçkisində səs vermə hüququ olan 25 000 erməni
var.
Məlumata görə, İstanbulda olan digər erməni vəqf və icmaları "Üç
Horon" kilsəsi vəqfi idarə heyətinin seçkisində iştirak etmək üçün
təzyiqlərə başlayıb.
Mübahisələrə "Beyoğlu yalana sarıldı" manşeti ilə qoşulan erməni
qəzeti "Agos" seçkinin sadəcə Bəyoğlunda yaşayan qriqoryan
erməniləri ilə məhdud olmasının doğru olmayacağını ifadə edib.
Qəzet həmçinin vəqfin qazancının şəffaf olmasını və icarə
gəlirlərində qaranlıq olan bəzi məqamların açıqlanmasını tələb
edir.
Xatırıladaq ki, "Üç Horon" kilsəsi vəqfinin idarə heyəti seçkiləri
barədə daha əvvəl ermənilərin şikayəti əsasında məhkəmə iddiası
qaldırılıb. 2009-cu ildən sonra isə seçkilər 2 dəfə ləğv olunub.