Bahar Muradova: "İqtidarla aparıcı müxalifətin anlaşma əldə etməsi barədə deyilənlər yanlışdır"

29 Oktyabr 2012 11:41 (UTC+04:00)

"İqtidarla aparıcı müxalifətin anlaşma əldə etməsi barədə deyilənlər əks düşərgənin vəziyyətinin əsl göstəricisidir və yanlışdır".

Bunu jurnalistlərə Milli Məclis sədrinin müavini və Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Bahar Muradova müxalif mediada aparıcı müxalifətin 2013-cü ilin prezident seçkilərində hakimiyyətə legitimliklə bağlı məsələdə problem yaratmayacağı təqdirdə, 2015-ci ilin parlament seçkilərində razəlaşma əldə edəcəyi ilə bağlı məlumatlara aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, iqtidarla müxalifət arasında 2013 və 2015-ci il seçkiləri ilə bağlı gizli anlaşma, razılaşma əldə olunması ilə bağlı müxalifət düşərgəyə aid olan mediada məlum fikirlərin səslənməsinin özü onların nə qədər acınacaqlı vəziyyətdə olduğunun göstəricisidir. Bu, bir daha onların gücsüzlüyünü ifadə edir.

O Seçki Məcəlləsinə dəyişiklər barədə danışarkən bildirib: "İstisna etmirəm ki, 2013-cü il prezident seçkiləri, 2015-ci il parlament seçkiləri ərəfəsində Seçki Məcəlləsinə hansısa xırda dəyişikliklər ola bilər. Ancaq bu, o demək deyil ki, proporsional seçki sistemi bərpa olunacaq və yaxud da Milli Məclis üzvlərinin sayının artırılması ilə bağlı qərar qəbul olunacaq. İndi bunu heç kim qəti şəkildə söyləyə bilməz və söyləməməlidir".