Azərbaycana qarşı ikili standarta ATƏT-dən də etiraz gəldi

2 Noyabr 2012 07:27 (UTC+04:00)

Məlum olduğu kimi bu gün bir sıra beynəlxalq qurumlar Azərbaycana münasibətdə ikili mövqe sərgiləyir, baş verənlərə qərəzli prizmalardan yanaşırlar. Bu isə ölkəmiz barədə obyektiv fikirlərin formalaşmasına qarşı atılan növbəti addımlardan biri kimi dəyərləndirilir. Lakin artıq belə hallara elə nüfuzlu beynəlxalq qurumların özü tərəfindən də etirazlar gəlməkdədir. Qeyd olunan xüsusda ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Koray Tarqay olduqca maraqlı fikirlər səsləndirir. İlk əvvəl o qeyd edir ki, ATƏT-in əsas 3 prinsipi var - insan haqları, demokratikləşmə, hüququn üstünlüyü və iqtisadi və ətraf mühit fəaliyyəti: "Bu prinsiplərin hər biri üzrə fəaliyyət göstəririk. Ötən bir il ərzində də fəaliyyət davam edib. Ümumiyyətlə, ildə 80-90 civarında layihə həyata keçiririk. İqtisadi, ətraf mühit, siyasi, demokratikləşmə, hüququn aliliyinə dair bəzən qısa-müddətli, bəzən bir neçə illik layihələrimiz olur".

Qeyd olunan dəyərlərindən hansı üzrə Azərbaycanda nəzərəçarpacaq irəliləyiş barədə iəs o bildirir: "- Bütün sahələrdə var. İnsan haqları sahəsində var - 20 il öncə ilə müqayisə etsəniz, irəliləmə görərsiniz. Hüququn üstünlüyü, demokratikləşmə sahəsində irəliləmələr var. İqtisadi və ətraf mühit sahələrində daha çox irəliləmə var. Bütün sahələrdə aldığımız nəticələrdən razıyıq. Biz dövlət qurumları, vətəndaş cəmiyyətləri, ombudsman, siyasi partiyalarla əməkdaşlıq edirik ki, daha yaxşı nəticə ala bilək. Bütün sahələrdə irəliləyiş var. 20 il öncə ilə tutuşdurmaq lazımdır. Bunun üçün bir yol planı çərçivəsində, müəyyən zamanları müqayisə etsəniz, irəliləmə görərsiniz".

Yuxarıda qeyd olunduğu kimi bəzi beynəlxalq qurumların hesabatlarında Azərbaycan insan haqları, demokratikləşmə, fundamental insan haqları ilə bağlı ikili mövqe sərgilənir. Koray Tarqay "Azadlıq" radiosuna müsahibəsində bununla bağlı olduqca maraqlı fikirlər səsləndirir: "Fərqli qurumların fərqli dəyərləndirmələri ola bilər. Amma doğrusu, Azərbaycanı insan hüquqları, demokratikləşmə məsələsində ən aşağı yerlərdə göstərmək, məncə, haqsızlıqdır. Dünyada 200-ə yaxın dövlət var, hamısı fərqli mərhələlərdən keçir. Bəziləri öz tarixi inkişaf mərhələlərində xeyli qabağa gedib. Azərbaycan da əlindən gələni edir. Məncə, Azərbaycana aşağı yerləri vermək haqsızlıqdır. Çünki Azərbaycanın yaxşı insan potensialı var - peşəkar, inkişaf etmiş, təhsilli, sadəcə, oxuyub-yazmağı bacaran deyil, oxuyub-yazdığını anlaya və dəyərləndirə bilən insanları var. Azərbaycan dəyərləndirmələrdə daha yuxarı yerlərə qoyulmalıdır. Biz bu işin içində olduğumuz üçün Azərbaycana haqsızlıq edilməməsinin tərəfdarıyıq".

Hökumətin antikorrupsiya işi barədə isə o qeyd edir: "Ölkə rəhbərinin qısa zaman ərzində çıxardığı iki sərəncam var. Bunların mətnlərinə baxsaq, görərik ki, bu sənədlər yetərli siyasi iradə ortaya qoyur. Önəmli olan onların tətbiqi üçün təməl hazırlamaqdır, nəzarət mexanizminin olmasıdır. Bu da bir az zaman alan məsələdir. Bizim elektron dövlət, yaxşı idarəçilik layihələrimiz var. Dövlət qurumları ilə əməkdaşlıq edirlər, bizə xeyli yardım edirlər. Amma bütün xalqın hüquqlarına sahib çıxması lazımdır. Hökumət hər cür dəstəyi göstərir, ancaq xalqın da sahib çıxması gərəkdir. Məsələn, bizim dörd hüquq mərkəzimiz var, bizə kimsə müraciət edirsə, onlara pulsuz xidmət edirik. İcra hakimiyyətləri ilə hər görüşümdə onların əməkdaşlığını istəyirəm, polisin də köməyini istəyirəm. Korrupsiya nə qədər azaldılırsa, iqtisad-sosial inkişaf da sürətli olacaq".

Medianın inkişafı ilə bağlı da səfir maraqlı fikirlər səsləndirib: "Mənim şəxsi fikrim budur ki, Azərbaycanda media azadlığı var, tətbiqində problemlər var. Qanunlar çox yaxşıdır, tətbiqində problemlər var, səbəb də təcrübəsizlik, məlumatsızlıqdır. Medianın problemi kommersiyalaşmamasıdır, media qurumları çox zəifdir, tirajları çox aşağıdır. Çap mediası iqtisadi sıxıntı içərisindədir. Borclarını ödəyə bilməyən media öz işini necə görsün? Kommersiyalaşarsa, bunlar düzələcək, medianın keyfiyyəti də artacaq. Türkiyədə xeyli sayda çap media orqanı var. Bunlar öz satışları ilə ayaqda dura, özlərini idarə edə bilmirlər. Çap Reklam Qurumu var, rəsmi elanları ədalətli şəkildə media quruluşlarına paylayır. Bu, onlar üçün bir gəlir qaynağı olur".

Bilindiyi kimi ATƏT hakimiyyətlə müxalifət arasında dialoq yaratmaq istiqamətində də fəaliyyət göstərib. Bu mövzuda səfir aşağıdakıları diqqətə çatdırıb: "Bu məsələdə bizim görə biləcəyimiz iş ünsiyyəti asanlaşdırmaqdır. Tərəfləri bir araya gətirib "bunu danışın" demirik. Tərəflərin bəlli bir məsuliyyəti var. Dialoq məsələsində problem yoxdur, tərəflər müxtəlif tədbirlərdə görüşürlər. Bunu bir az sistemləşdirmək mümkündür, biz əlimizdən gələni edirik. Yetər ki, bizdən iş istənsin. Bizə deyirlər ki, vasitəçi olun, ancaq son bir il ərzində bizdən belə bu istənmədi. Heç kəs də qarşı deyil. Önəmli olan bu ölkədə yumşaq siyasi mühiti mühafizə etməkdir. Düşmənlik mühiti yaratmadan ölkənin daha irəli getməsini təmin etmək. Bunun üçün siyasi iradə hər tərəfdə var".