Azərbaycanlılara aid kütləvi məzarlıq məhv ediləcək
5 Noyabr 2012 10:19 (UTC+04:00)
İranın Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiya şəhərində məktəb
inşası zamanı qazıntılar nəticəsində tapılan kütləvi məzarlıq məhv
ediləcək. Qərbi Azərbaycan vilayətinin Mədəni İrs idarəsindən
bildirilib ki, bu məzarlığın tarixi əhəmiyyəti yoxdur. Yerli
sakinlərin fikrincə isə məktəb binası keçmişdə qəbiristanlıq olan
ərazidə inşa edilib. Urmiya sakinləri bildirir ki, bu məzarlıqda
"Cilovluq soyqırımı"nən qurbanları olan azərbaycanlılar
basdırılıb.
Azərbaycanın İrandakı keçmiş səfiri, tarix elmləri doktoru
professor Nəsib Nəsibzadə deyir ki, "Qara sandıq" adlandırılan
kütləvi məzarlığın məhv edilməsi bu məsələni ört-basdır etmək
məqsədi daşıyır. Onun sözlərinə görə, Azərbaycan ərazisində 1918-ci
illərdə törədilmiş qətliamlardan əvvəl Güney Azərbaycanın Urmiya,
Salmos, Xoy şəhərlərində cilovlar, yəni silahlandırılmış
nestoriyan, erməni və ruslardan ibarət qruplar yerli əhali olan
azərbaycanlılara qarşı qətliamlar törədib. Bu məzarlıq da məhz
həmin qətliamın qurbanlarına aiddir. Ordunun silahlanması isə
Antanta ölkələri və Rusiya tərəfindən təmin olunub.
"Osmanlı imperatorluğunda yaşayan xristianları silahlandırıb,
onları rəsmi hökumətə qarşı qaldırdılar. Güney Azərbaycana gəldilər
və burada qətliamlara başladılar. Bu qətliamlar genişmiqyaslı oldu,
200 min insan qırıldı", - deyə Nəsib Nəsibzadə vurğulayıb.
Professor bu tarixi hadisənin İran alimləri tərəfindən yaxşı
öyrənildiyini qeyd edib. Nəsib Nəsibzadə hesab edir ki, buna
baxmayaraq rəsmi Tehranın bu məsələdən qaçması Urmiya şəhərinin və
ətraf bölgənin çox həssas olması, onsuz da narazı olan
azərbaycanlıların etirazlarının arta bilməsi ilə bağlıdır. Tarixi
əhəmiyyət daşıyan bu məzarlığın qorunmasını vacib sayan tarixçi bu
məsələyə alimlərin və ictimai xadimlərin müdaxiləsini zəruri
sayır.
Qeyd edək ki, Urmiya şəhəri azərbaycanlıların sıx yaşadığı bölgədir
və Urmiya gölünün qurudulmasına etiraz olaraq burada dəfələrlə
hökumət əleyhinə aksiyalar keçirilib. Bir sıra tarixi mənbələrdə
1918-ci ilin mart hadisələri zamanı, İranın Qərbi Azərbaycan
vilayətinin müxtəlif şəhərlərində 130 min azərbaycanlının qətlə
yetirildiyi göstərilir.