Şadlıq evlərinin fəaliyyəti hələ tənzimlənmir

5 Noyabr 2012 16:10 (UTC+04:00)
Bakının əksər yerlərində müxtəlif adda şadlıq evlərinə rast gəlmək mümkündür. Demək olar ki, şadlıq saraylarının əksəriyyətində qiymət və keyfiyyət baxımında uyğunluqlar mövcuddur. Səsin çoxluğu, eyni növ yeməklərin süfrəyə düzülməsi və s. bu kimi problemlər yaşanmaqdadır. Şadlıq saraylarının fəaliyyətinin tənzimlənməsi ilə bağlı danışılsa da, hələlik heç bir addım atılmır. Buna səbəb nədir?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məsələ ilə əlaqədar Movqe.az saytına bildirib: "Dörd ildən artıqdır ki, bu məsələ haqqında müxtəlif dairələrdə danışılır. Lakin vəziyyət düzəlmir ki, düzəlmir. Bunun birinci səbəbini qanunlarda axtarmaq lazımdır. Azərbaycan hökümətinin istehlakçıların hüquqlarını qoruyan mükəmməl siyasəti və mövcud qanunları həyata keçirən dövlət orqanlarının koordinasiya olunmuş fəaliyyəti yoxdur. Təsadüfi deyil ki, mən dörd gün öncə cənab prezidentə bunları özündə əks etdirən, hökümətin siyasətini tənqid edən məktub göndərmişəm. Güman edirəm buna cavab olacaqdır. Belə hallar qanunlardakı boşluqlardan əmələ gəlir.
Şadlıq evlərində problemlər yaşanır. Şadlıq evləri kütləvi surətdə vergidən yayınır. Şadlıq evlərinə pul verən vətəndaş-toy sahibi pulu sayıb verir. Heç bir müqavilə bağlanmır. Çoxlu problemlər yaşanır. Bizim şadlıq evləri ilə uzun illik məhkəmələrimiz olub. Ordan da çoxlu nəticələr əldə etmişik. Məlum olub ki, səsin yüksək olmasını camaatın bezməsi üçün edirlər. Yəni camaat bezib çıxıb getsin, yeməklər qalsın deyə. Çoxlu belə problemlər yaşanır.
Bu halların necə tənzimlənməsi məsələsinə gəldikdə isə sədr həllin çətin olmadığını dedi: "Bunu həll etmək çox da çətin deyil. Yəni müqavilə şərtləri hazırlanmalıdır. İstehlakçılar ilə müqavilələr bağlanmalıdır. Verilən pullar müqabilində istehlakçıya rəsmi sənəd verilməlidir, vergi orqanlarında yoxlamalar aparılmalıdır. Biz istehlakçıları maarifləndirməliyik. İstehlakçı toy başlayanda çıxılmaz vəziyyətə düşür. Heç bir rəsmi sənəd verlmir. İstehlakçı hüquqları pozulur. İstehlakçılar ənənəvi palatka toylarına üz tutmaq ilə qiymətləri yarıya endirə biərlər. Əslində mən istehlakçıları boykota çağırıram."