Gürcüstan Azərbaycanla münasibətlərini zərbə altında qoyur

6 Noyabr 2012 11:15 (UTC+04:00)

Gürcüstanın yeni hökuməti Azərbaycanla bağlanan müqavilələrə yenidən baxmaq niyyətinin ardınca indi də separatçı Abxaziyada vaxtilə bağlanan dəmir yolunu açmaq niyyətinə düşüb. Bu dəmir yolu Rusiyanı Gürcüstan vasitəsilə həm də Ermənistanla bağlayır. İvanişvilinin bu istəyi reallaşacağa təqdirdə Ermənistan xaricə çıxış üçün yeni bir nəfəslik əldə etmiş olacaq. Hazırda işğalçı İrəvan rejimi yalnız İran vasitəsilə xaricə çıxışa malikdir. Türkiyə və Azərbaycan tərəfindən isə işğalçının yollara bağlıdır. İvanişvilinin Abxaziya ilə dəmir yolu xəttini açmaq niyyəti heç şübhəsiz yeni hökumətin Moskvaya ünvanladığı bir jestdir. Bununla yeni kabinet Saakaşvilinin dövründə Moskva ilə pisləşən münasibətləri tənzimləməkdə maraqlı olduğunu Kremlə nümayiş etdirmək istəyir. Amma aydındır ki, Abxaziya dəmir yolu xəttinin açılması Azərbaycanın maraqlarına cavab vermir. Çünki həmin addım yuxarıda da qeyd olunduğu kimi, Ermənistanın güclənməsinə təkan verər. Belə halda isə Bakı ilə Tiflis arasında münasibətlər müəyyən mənada soyuqlaşa da bilər.

Görəsən, ekspertlər nə düşünür, Abxaziya dəmir yolu məsələsi Tiflislə Bakı arasında münasibətlərdə yeni korrektlərə gətirib çıxararmı?

Milli Məclisin Analitik-İnformasiya Şöbəsinin müdiri Aydın Ağayev rəsmi mövqelər olmadığından bu barədə hələlik şərhə ehtiyac olmadığı qənaətindədir: "Gürcüstanla bağlı gələn informasiyalara bir qədər diqqətli olmaq lazımdır. Həmin informasiyaların həqiqətə uyğun olub-olmadığını diqqətlə araşdırmaq lazımdır. Hətta belə informasiyalar səslənibsə, onun Gürcüstanın yeni hakimiyyətinin mövqeyini əks etdirib-etdirmədiyi də dəqiqləşməlidir. Bu tip suallara cavab verilməmiş hadisələri tələsdirmək və tələsik qənaətə gəlmək lazım deyil. Azərbaycan rəsmilərdən biri dediyi kimi, Gürcüstanın yeni hökumətği hələ kabenetlərə daxil olmaq ərəfəsindədir. Bura daxil olub oturduqlarından sonra danışa bilərik. Hər bir halda hansısa tələsik fikirlərin söylənilməsini o qədər də məqsədəuyğun hesab etmirəm. Amma bununla bərabər Gürcüstanda hakimiyyət dəyişmişdi. Burada böyük dəyişikliklər baş verib. Gürcüstan çox mühüm regional infrastruktur layihələrinin həyata keçirildiyi bir ölkə, mini mərkəzdir. Tiflis bununla üzərinə böyük öhdəliklər götürüb. Bütün bunları və bölgədə maraqların toqquşduğunu nəzərə alaraq Cənubi Qafqazda mövcud problemlərin həlli üçün həssas olan məqamda hər bir halda Gürcüstandan səslənən fikirlərə diqqətli olmaq lazımdır. Amma tələsik şərtlərə ehtiyac yoxdur, çünki hələlik rəsmi mövqeyi bilmirik. Rəsmi mövqe bildirildikdə ona qarşı tərəf də aydınlıq gətirəcək. Yalnız bundan sonra ümumi mənzərə məlum olacaq. Hər bir halda indi Gürcüstanla bağlı Tiflis, Rusiya, Ermənistan, həm də Azərbaycandan olan informasiyalar şəraitə uyğundur. Şərait isə hələlik qeyri-müəyyəndir. İndilikdə çox suallara cavab yoxdur, ona görə də tələsmək lazım deyil. Gürcüstanda hakimiyyətə gələnlər üzərlərinə böyük məsuliyyət götürüb. Onlar hansı ölkədə hakimiyyətə gəldiklərini, hansı məsuliyyətin altına girdikləri, hansı problem və məsələlərlə üzləşəcəklərini bilirlər. Gürcüstanın yeni hökumətinin atacağı addımlarla bağlı səslənən informasiyaları hələlik rəsmi mövqe hesab etmirəm".

Digər ekspert Elxan Şaşinoğlu isə bildirdi ki, İvanişvilinin Abxaziya ilə dəmir yolunu açmaq niyyəti Bakı ilə Tiflisin münasiblərində istər-istəməz yeni korrektlərə səbəb ola bilər. Bunun baş verməməsi üçün isə həmsöhbətimizə görə rəsmi Bakı Tiflisin məhz Azərbaycanın hesabına ayaq üstə dayandığını İvanişviliyə çatdırmalıdır: "İvanişvili seçkiqabağı vədlərində demişdi ki, Rusiya ilə münasibətləri normallaşdıracaq. O zaman da proqnozlarımda söyləmişdim ki, bu ona asan başa gəlməyəcək. Çünki Moskva Gürcüstanı parçalayaarq Abxaziya ilə Cənubi Osetiyanın "müstəqilliyini" tanıyıb və Tiflisdə hakimiyyətə kimin gəlib-gəlməməsindən asılı olmayaraq bu yöndə geri addım atmayacaq. İvanişvili də gələn kimi etiraf etdi ki, Rusiya ilə indiki halda diplomatik münasibətləri bərpa etmək mümkünsüzdür. İvanişvili sadəcə olaraq müəyyən manevrlər etməklə Rusiya ilə iqtisadi əlaqələrin müəyyən mənada bərpasına nail olar. Məsələn, Borjomi mineral suyunun yenidən Rusiyaya idxalına nail ola bilər. Abxaziya üzərindən Gürcüstandan keçməklə Ermənistana gedən dəmir yolu illərdir ki, qapanıb. Gürcüstanın yeni hakimiyyəti onu açmaq istəyirsə, bu Tiflis tərəfindən atılması gözlənilən birtərəfli güzəştdir. Amma Abzaziya üzərindən dəmir yolu işləsə bu dolayısı ilə Tiflisin Suxuminin müstəqilliyini tanımaq mənasına gəlib çıxacaq. Lakin eyni zamanda atılan bu addım Rusiya ilə Ermənistan arasında iqtisadi bağlılığı da artıracaq. Belədə Rusiyadan Ermənistana yük daşımaları da çoxalacaq. Faktiki olaraq Ermənistan indiki müasirə şəraitindən böyük ölçüdə çıxa biləcək və durumunu müəyyən mənada yaxşılaşdıracaq. Bu da Azərbaycanın marağına ziddir. Digər tərəfdən, Abxaziyaya dəmir yolunun açılması qərarı verib-verməmək Gürcüstanın öz işidir. Biz buna qarışa bilmərik. Gürcüstanın yeni hakimiyyəti son zamanlar digər addımlar da atır ki, o da Azərbaycanın siyasi dairələri və ictimaiyyətində suallar doğurur. Düşünürəm ki, qapalı görüşlərdə belə siyasətin Tiflisin Azərbaycanla münasibətlərinə xələl gətirəcəyi İvanişvili hökumətinin diqqətinə çatdırılmalıdır. Bilmirəm Azərbaycan rəsmiləri bu məsələləri Tiflisin diqqətinə çatdırıb, ya yox. Amma Dövlət Neft Şirkətiinin rəhbəri Rövnəq Abdullayev televiziyaya açıqlamasında Gürcüstanla münasibətlərdə heç bir fikir aylılığı olmadığını, bunun şişirtmə olduğunu deyib. Amma düşünürəm ki, bunlar heç də şişirtmə deyil. Yeni Tiflis hökuməti Moskva ilə əlaqələri normallaşdırmaq üçün artıq Azərbaycanam dirsək göstərməyə girişib. Bakı Gürcüstanla intensiv əlaqəyə girməklə onun diqqətinə çatdırmalıdır ki, o məhz Azərbaycandan gələn kredit, ianə və boru xətləri hesabına iqtisadi zəmində ayaq üstə dayanır. Yəni problem yaşansa bu ilk növbədə Tiflisə zərər vuracaq. Ona görə də bu məqamlar İvanişvili hökumətinə anladılmalıdır. Bu baş verməsə yeni hökumət bir qədər də irəli gedərək Azərbaycanın ziddinə olan daha başqa addımlara yol verər".

Rüfət NADİROĞLU