Azərbaycanın milli peykini orbitə çıxarması ölkənin imkanlarını artıracaq

6 Noyabr 2012 12:41 (UTC+04:00)

Azərbaycanın milli süni rabitə peykini orbitə çıxarması ölkənin bu sahədə imkanlarını bir qədər də artıracaq. Digər sahələrdə olduğu kimi, Azərbaycan bu sahədə də qabaqcıl ölkəyə çevriləcək".

Bunu jurnalistlərə Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov bildirib.

Onun sözlərinə görə, süni peykin orbitə çıxmasından sonra ölkədə internet provayderlərinin sayı artacaq və bu sahədə tədbirlər genişləndiriləcək.

Azərbaycanda informasiya resurslarının qorunması üzrə bəzi problemlərin olduğunu deyən PA rəsmisi vurğulayıb ki, bu problemlərin aradan qaldırılması üçün müvafiq struktur yaradılıb. Azərbaycanda internet azadlığı da yüksək səviyyədədir. Bloggerlərə internetdə yazdıqlarına görə heç bir təzyiq yoxdur.

Teleradio işçilərini peşə bayramı münasibətilə təbrik edən Ə.Həsənov bildirib ki, 2013-cü ildə Azərbaycan tam rəqəmsal yayıma keçəcək.