"Azərbaycanda internet azadlığı mövcuddur"

6 Noyabr 2012 12:43 (UTC+04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən VII İnternet İdarəçilik Forumunun iştirakçılarına müraciət ünvanlayıb. Dövlət başçısı iştirakçıları BMT və Azərbaycan Hökumətinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən VII İnternet İdarəçilik Forumunun iştirakçılarını böyük məmnuniyyətlə salamlayıb.

"İnternet bu gün təkcə informasiya mübadiləsi məkanı deyil, həmçinin dövlət idarəçiliyi, təhsil, səhiyyə, biznes, bank işi və digər sahələri əhatə edən, yeni dəyərlər yaradan mühitdir.
İnsan azadlıqlarının qorunması müasir internet şəbəkəsinin vacib fəaliyyət istiqamətlərindən biridir. İnternet mediasının inkişafı, internetdə fikir və söz azadlığı, sosial şəbəkələrin genişlənməsi, hökumətin açıq və şəffaf fəaliyyətinin təmin olunması, vətəndaşların idarəçilik proseslərinə cəlb edilməsi qlobal şəbəkənin insanlara verdiyi yeni imkanlardır".

Dövlət başçısı müraciətində qeyd edib ki, Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının və internetin inkişafına xüsusi diqqət yetirilir. Respublika əhalisinin təxminən 65 faizi internet istifadəçisidir, ölkəmizdə ən yeni texnologiya – 4G artıq tətbiq edilir.

"Təqdirəlayiq haldır ki, Azərbaycanda internet azadlığı mövcuddur. Ölkəmizdə internet-radio və internet-televiziya proqramları, elektron qəzet və jurnallar, xarici və daxili sosial şəbəkələr geniş yayılmışdır. Minlərlə bloqqer Azərbaycanın internet məkanında sərbəst fəaliyyət göstərir.
Biz internetin insanlar və xalqlar arasında dostluq əlaqələrinin yaranmasına, bərabərhüquqlu qarşılıqlı hörmət əsasında münasibətlərin qurulmasına yönəlmiş istənilən xoşməramlı fəaliyyətini dəstəkləyirik.
Sizə Forumun işində uğurlar arzulayıram. İnanıram ki, Forumunuz qlobal inkişafa öz töhfəsini verəcək".