Şəhəri zibilləyənlər

7 Noyabr 2012 15:48 (UTC+04:00)
Paytaxt Bakı gün-gündən inkişaf etməkdədir. Şəhərimiz müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edir. Gələn qonaqları gözəlliyinə heyran qoyur. Belə yüksək sürətli inkişaf ilə yanaşı hələ də həllini tapmayan köhnə problemlər də var. Bu problemlər sırasında küçələrin zibillənməsi məsələsi xüsusi ilə seçilir. Belə halların qarşısını almaq üçün qanunverilikdə hansı dəyişiklik edilməsi və maarifləndirmə işləri aparılması xüsusi maraq doğurur.
Sosioloq Rafiq Təmrazov məsələ ilə əlaqədar Movqe.az saytına bildirir: "Elə məsələlər var ki, onlar təkcə qanunvericiliklə həll olunmur. Söhbət ondan gedir ki, insanların ictimai şüur səviyyəsi də dəyişməlidir. Mədəni səviyyə yüksək olmalıdır. Təbii ki, qanunvericilik səviyyəsində inzibati tədbirlər həyata keçirilə bilər. Hansısa cərimələrdən, cəza növlərindən istifadə etmək olar. Şərq ölkələri sırasında Seneqal, Sinqapur kimi ölkələrdə başqa metodlar tətbiq edilir. Şəhəri zibilliyən insanları ictimai qınaq kimi küçədə gəzdirirlər, adamlara göstərirlər. Lakin Avropa ölkələrində cərimələr tətbiq edirlər. Burda söhbət ondan gedir ki, Avropa ölkələrində insanların ictimai şüur səviyyəsi, mədəni səviyyəsi o qədər yüksəkdir ki, onlar küçələri zibilləməyə meyl göstərmirlər. İndiki zamanda konkret nələrsə demək bir az çətindir. Amma ümumi şəkildə hansısa inzibati qaydalar, cərimələr tətbiq etmək yolu ilə bunun qarşısını almaq olar. O metodları tətbiq etmək lazımdır ki, onları praktiki olaraq həyata keçirtmək mümkün olsun. Əgər bu qərar elə qərar kimi qalacaqsa onda əhəmiyyəti olmayacaqdır. Belə halların qarşısınıı almaq üçün, müəyyən seminarların , tədbirlərin həyata keçirilməsi o qədər də effektiv olmaz. Müəyyən qrup əhali ilə kütləvi tədbirlərin keçirilməsi daha məqsədə uyğundur. Bizdə insanların bəziləri avtomobillərdən zibili kənara tullayırlar. İnsanlarımız qəbul etdikləri qida məhsullarının qalıqlarını, kontur, siqarət və s. tullantıları atmaqla şəhəri zibilləyirlər. Ona görə də cəmiyyətdə seçilən insanların, məsələn tanınmış aparıcılar, aktyorlar, deputatların iştirakı ilə kütləvi tədbirlərin həyata keçirilməsi sayəsində ictimai şüura təsir etmək olar. Bu tədbirlərin, kampaniyaların həyata keçirilməsi mütəmadi xarakter daşımalıdır ki müsbət nəticələr əldə edilsin."