İnsan alverinin qurbanları

7 Noyabr 2012 16:11 (UTC+04:00)
Məlum olduğu kimi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən insan alveri cinayətindən zərər çəkmiş şəxslərə və insan alverinin potensial qurbanlarına, "Təmiz Dünya" İctimai Birliyi tərəfindən qadınlara sığınacaq verilir. Küçə uşaqları Azərbaycan Uşaqlar Birliyi tərəfindən, kişilər isə Azərbaycan Miqrasiya Xidməti tərəfindən sığınacaqlar ilə təmin olunurlar.
"Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova bu ilin 9 ayı ərzində 78 nəfərə sığınacaq verildiyi haqqında Movqe.az saytına məlumat verdi: "Keçən il "Təmiz Dünya" İctimai Birliyi tərəfindən 109 nəfərə sığınacaq verilib. Bu il sığınacaq verilən insanların sayı keçən ilkinə nisbətdə azlıq təşkil edir. Lakin havaların soyuması ilə mərkəzə müraciət edənlərin sayının çoxalacağını gözləyirik. Sığınacaq verilən insanlardan 5-6 nəfər xarici ölkə vətəndaşı, digərləri bizim ölkənin vətəndaşlarıdır. Sığınacaq verdiyimiz insanlar sırasına həm insan alverinin qurbanları, həm də potensial qurbanlar var."
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Movqe.az saytına açıqlamasında 130-dan çox insana sığınacaq verildiyini dedi: "Biz 2 il ərzində 250-dən çox uşaq və yeniyetməyə, o cümlədən 40-dan çox valideyinə sığınacaq vermişik. Bu ilin 9 ayı ərzində 130-dan çox insanı sığınacaq ilə təmin etmişik. Azərbaycan Uşaqlar Birliyi tərəfindən baxımsız şəraitdə yaşayan uşaqlara müvəqqəti sığınacaq verilir. Yeniyetmələr, istisna hallarda valideyinlər də sığınacaqlar ilə təmin olunur."