Prezident Avropa Komissiyasının elektron gündəlik məsələləri üzrə vitse-prezidentini qəbul edib

7 Noyabr 2012 16:22 (UTC+04:00)
Movqe.Az AzərTac-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Avropa Komissiyasının elektron gündəlik məsələləri üzrə vitse-prezidenti xanım Neelie Kroesi qəbul edib.
Xanım Neelie Kroes ölkəmizdə gedən inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib. O, VII İnternet İdarəçilik Forumunun Bakıda yüksək səviyyədə təşkil olunmasına görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. Xanım Neelie Kroes elektron kütləvi informasiya vasitələrinin, azad internetin inkişafının və elektron hökumət layihəsinin böyük önəm daşıdığını vurğulayıb.
Dövlətimizin başçısı Avropa Komissiyasının elektron gündəlik məsələləri üzrə vitse-prezidenti xanım Neelie Kroesin Forumda iştirakının əhəmiyyətini qeyd etdi. Forumu ölkəmizdə informasiya və kommunikasiya texnologiyaları sektorunda görülən işlərin nəticəsi kimi dəyərləndirən Prezident İlham Əliyev internetin və elektron kütləvi informasiya vasitələrinin Azərbaycanda bundan sonra da inkişaf etdiriləcəyinə əminliyini bildirib. Dövlətimizin başçısı ölkəmizdə genişzolaqlı internet xidmətinin yaradılması istiqamətində görülən tədbirlərin əhəmiyyətini qeyd edib.
Görüşdə Azərbaycan ilə Avropa Komissiyası arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən informasiya və kommunikasiya texnologiyaları sahəsində daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.