Azərbaycanda daha bir məşhur cibgir həbs edilib

7 Noyabr 2012 17:20 (UTC+04:00)
APA-nın məlumatına görə, Sumqayıt polisinin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində 50 yaşlı Tofiq Xanı oğlu Bayramov şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış keçirilərkən narkotik vasitə aşkar edilərək götürülüb.
T. Bayramovun məşhur cibgir olduğu, kriminal aləmdə "Qara Tofiq" kimi tanındığı bildirilir. O, həmçinin bir dəfə məhkumluq həyatı yaşayıb.
Xatırladaq ki, bu son bir ayda Sumqayıtda tutulan üçüncü məşhur cibgirdir. Bir neçə gün əvvəl Sumqayıt polisinin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində 52 yaşlı Qəribəli Təriş oğlu Şəbiyev şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış keçirilərkən narkotik vasitə aşkar edilərək götürülüb. Q. Şəbiyevin məşhur cibgir olduğu, kriminal aləmdə "Qızılbarmaq Qəribəli" kimi tanındığı bildirilir.
Bundan başqa, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində cibgirliklə məşğul olan Elçin Ramazan oğlu Kərimduxt həbs edilib. Onun üzərindən də narkotik maddə götürülüb. E. Kərimduxt 2005-ci ildə də narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək məhkum olunub. E. Kərimduxt kriminal aləmdə "Cibgir Elçin" kimi tanınır.