ABŞ Qarabağ münaqişəsinin həllində yenə ətalət mövqeyi tutacaq

8 Noyabr 2012 07:05 (UTC+04:00)

ABŞ-da baş tutan sayca 45-ci prezident seçkilərinin qalibi olan indiki dövlət başçısı Barak Obamanın növbəti 4 ildə yeridəcəyi xarici siyasət indi əksər dünya dövlətlərinin xüsusi maraq dairəsindədir. Qeyd olunan xüsusda dünyanın müxtəlif siyasi dairələrində olduqca fərqli fikirlər səslənməkdədir.

Məsələyə Azərbaycan prizmasından yanaşdıqda maraq doğuran əsas məqam ABŞ administrasiyasının Dağlıq Qarabağ münaqişəsinin çözümü istiqamətində bundan sonra hansı siyasət yürüdəcəyi, ümumiyyətlə, regionda hansı rol oynayacağıdır. ABŞ-ın özündə qeyd olunan xüsusda, ümumiyyətlə Amerikanın növbəti 4 ildə həyata keçirəcəyi siyasət haqda müxtəlif fikirlər səslənir. Məsələn, amerikalı politoloq Tomas Ambrosio xarici siyasətdə bundan sonra hansısa ciddi dəyişiklik gözləmir: "Prezident Obama ehtimal ki, İran və Rusiyaya qarşı daha yumşaq siyasət yürüdəcək. Bu üç amillə əlaqədardır. Birincisi, bu, onun administrasiyasının artıq rəsmi şəkildə Rusiya ilə "yenidən yüklənmə" münasibətləri ilə bağlıdır. Bu siyasəti doğrultmaq və davam etdirmək üçün o, Rusiya ilə yaxşı münasibətləri nəyin bahasına olursa olsun davam etdirməlidir. İkincisi, RF -nin sabiq prezidenti Dmitri Medvedyevlə "açıq mikrofon" zamanı Obama bəyan edib ki, ikinci prezidentlik müddətində yürütdüyü siyasət daha "elastik" olacaq və bu da son dərəcədə səciyyəvidir. Başqa sözlə desək, biz Obamanın ikinci prezidentlik müddətindən Rusiyaya qarşı əhəmiyyətli güzəştlər gözləyə bilərik".

Amerikanın Cənubi Qafqaz siyasətində də ekspert ciddi dəyişikliklər gözləmir: "Yalnız bu istisnadır ki, Obama Rusiyaya Cənubi Qafqaza daha çox təsir göstərməyə imkan verəcək". Qarabağ münaqişəsinin çözümündə ABŞ-ın İrəvan və Baskıya hər hansı real təklifinin olmasına gəlincə ekspert qeyd edir: "Yox, mən buna inanmıram. ABŞ münaqişənin dinamikasını faktiki olaraq dəyişmək üçün nə edə bilər? ABŞ öz dəstəyini təklif edə bilər, lakin danışıqlar prosesinə əhəmiyyətli təsir göstərmək üçün diplomatik və geosiyasi kapital sərf etməyəcək".

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar prezident seçkilərinin nəticələrindən danışarkən deyib ki, ABŞ Azərbaycan münasibətlərində növbəti dörd ildə ciddi dəyişikliklər baş verməyəcək. Diplomat bildirib ki, prezident seçkilərinin nəticələrindən asılı olmayaraq, ABŞ-Azərbaycan münasibətləri dəyişməz olaraq qalacaq: "Düşünürəm ki, Barak Obamanın növbəti dörd il müddətinə prezidentliyi dövründə ABŞ-ın xarici siyasətində hər hansı bir mühüm dəyişiklik olmayacaq. Azərbaycan ABŞ üçün vacib ölkə olaraq qalacaq və əvvəlki məsələlər üzrə Azərbaycanla işləməyi davam etdirəcək".

Lakin rəsmi Bakı Amerikanın Ermənistan-Azərbaycan münaqişəsinin həllində səylərini artırmasını istəyir. Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bununla əlaqədar bildirib ki, Azərbaycanla ABŞ arasında əlaqələr və əməkdaşlıq davam edəcək. Belə ki, Azərbaycanla Amerika çox sahələrdə strateji tərəfdaşlığa malikdir, əməkdaşlıq edirlər: "Beynəlxalq sülhyaratma proseslərində Azərbaycan Amerika ilə dünyanın müxtəlif qaynar nöqtələrində iştirak edir, beynəlxalq terrorizmə qarşı birgə mübarizə aparırıq. Enerji sahəsində transmilli layihələrin həyata keçirilməsi və Avropanın enerji təhlükəsizliyinin təmin olunması sahəsində Azərbaycan ABŞ-la ciddi əməkdaşlığa malikdir. Demokratiya, demokratik inkişaf, söz, mətbuat, məlumat azadlığı, vətəndaş cəmiyyəti quruculuğu və daxili siyasətin digər məsələləri üzrə də ABŞ-la əməkdaşlıq edirik". O, Azərbaycanın Minsk qrupunun həmsədrlərindən biri kimi Amerikada gedən proseslərdə maraqlı olduğunu deyib: "Biz istəyirik ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllinə diqqəti artırsın, mövcud status-kvonun aradan qaldırılmasında ciddi iradə nümayiş etdirsin və Ermənistanı qarşılıqlı güzəştlər nəticəsində sülh prosesinə məcbur etsin".

Məsələni şərh edən politoloq, xarici siyasət məsələləri üzrə keçmiş dövlət müşaviri Vəfa Quluzadə isə bildirir ki, Barak Obama təkrar ABŞ-ın prezidenti seçildikdən sonra Azərbaycan barəsində ilkin siyasi xətti davam etdirəcək: "Seçkilərdə Romni qələbə çalsaydı, Azəbaycan barəsində hər hansı dəyişikliklər, düzəlişlər ediləcəyi barədə danışmaq olardı. Amerikanın Azərbaycan barəsində proqramı dəqiq bəyan edilib və gələcəkdə də bu cür davam edəcək". Ekspert B.Obamanın Cənubi Qafqaza böyük diqqət yetirmədiyi fikri ilə razılaşmır. "Hesab edirəm ki, o bizim regiona böyük əhəmiyyət verir". Politoloqun sözlərinə görə, ABŞ dövlət katibinin dəyişilməsi ilə bağlı gözləntilər də Azərbaycan-ABŞ münasibətlərinə təsir etməyəcək: "ABŞ-ın xarici siyasətini prezident müəyyən edir və xarici siyasət idarəsinin rəhbərinin dəyişdirilməsi bu siyasətə təsir etməyəcək".