Ramiz Rzayev məhkəmələri və hakimləri tənqid etdi
8 Noyabr 2012 13:30 (UTC+04:00)
Azərbaycan Ali Məhkəməsinin növbəti Plenumu keçirilir. APA-nın
məlumatına görə, iclası açan Ali Məhkəmənin sədri Ramiz Rzayev
iclasda səhiyyə, ədliyyə nazirlərinin, məhkəmə sədrlərinin iştirak
etdiyini deyib. Daha sonra gündəlik elan olunub. Gündəliyə
məhkəmələr tərəfindən tibbi xarakterli qərarların verilməsi,
Cinayət Prosessual Məcəlləsinə dəyişiklik edilməsi barədə Milli
Məclisə təkliflərin verilməsi və digər məsələlər daxilidir.
R. Rzayev çıxışında məhkəmələr tərəfindən bəzi qanun pozuntularına
yol verdiyini deyib: "Bəzən həkim-psixiatrın verməli olduğu rəy
aidiyyatı olmayan şəxslər tərəfindən verilir. Bir çox hallarda
həkim-psixiatrın rəyi nəzərə alınmır və azadlığa buraxılan şəxslər
tərəfindən təkrar cinayətin törətməsi faktları aşkar olunub. Bir
nəfər atasını öldürüb, anasını öldürməyə cəhd edib. Həmin şəxsin
barəsində məcburi müalicə təyin olunub. Lakin sonradan məhkəmə
həmin şəxsi - yəni İlqar Rzayevi azadlığa buraxıb. O da anasını
öldürüb. Biz onu azadlığa buraxan hakimin fəaliyyətinə vaxtından
əvvəl xitam vermişik. Anlaqsız vəziyyətdə cinayət törətmiş
şəxslərin psixiatriya xəstəxanasına göndərilməsi barədə düzgün
qərarlar verilmir. Bu işlər üzrə məhkəmə iclas protokolları çox
qısa şəkildə şablon kimi tərtib olunur. Bu da onu göstərir ki,
hakimlər protokolları oxumurlar".