Ordumuzun ixtiyarına daha bir müasir hərbi texnika verilir

18 Aprel 2012 03:00 (UTC+04:00)

Ukrayna mətbuatının yaydığı məlumata görə, Azərbaycan bu ölkə ilə "Kolçuqa" adlı mühüm kəşfiyyat əhəmiyyətli radio-texniki kəşfiyyat avadanlığı almaq barədə razılığa gəlib. Xatırladaq ki, belə bir avadanlıq Ukraynanın Donetsk şəhərindəki "Topaz" zavodunda istehsal edilir. Verilən məlumatlara görə, sözügedən avadanlıq yerüstü, suüstü və hava hədəflərini tez bir zamanda aşkar etməyə imkan verir.

Özü isə düşmən qüvvələri üçün görünməzdir. Qeyd edək ki, düşmən qüvvələrini qısa zamanda aşkar edib onu məhv etməyə hesablanmış belə bir avadanlıq əksər xarici ölkələrin hərbi arsenalında yoxdur. Bu mənada həmin hərbi texnikanı almaqla Azərbaycan hərb sahəsində böyük bir irəliləyişə imza atmış olacaq. Söz yox ki, müasir tipli hərbi texnika və ləvazimatlarla silahlanmaq Azərbaycan ordusunun daha da güclənməsi və möhkəmlənməsinə hesablanmış addımdır. Ümumiyyətlə, son dövrlər Azərbaycan Ordusunun silah-sursatla təmin edilməsi prosesi olduqca intensivləşib. Bu proses bir tərəfdən öz istehsalımız olan silahlar hesabına əldə edilirsə, digər tərəfdən də xaricdə istehsal olunan ən müasir silahlar alınır. Məsələn, bir müddət bundan öncə Azərbaycan tərəfi İsraildən 1,6 milyard dollarlıq həcmdə silah-sursat almışdı. Bütün bunlar isə Azərbaycan torpaqlarının bir hissəsinin hələ də Ermənistan tərəfindən işğal altında qalması ilə bağlıdır. Nə qədər ki, işğal faktı aradan qaldırılmayıb, Azərbaycan öz ordusunu möhkəmləndirmək, bunu üçün də ən müasir silahlar almaqda tam şəkildə haqlıdır. Maraqlıdır, Azərbaycanın son zamanlar belə silahlanması nə vəd edir? Belə vəziyyəti müharibəyə hazırlıq kimi də qiymətləndirmək olarmı?

Hərbi ekspert Cəsur Sümərinlinin fikrincə, ölkəmizin müasir silahlarla təchizatı həm ordunun modernləşdirilməsi, həm də torpaqların azad edilməsi perspektivinə hesablanmış addımdır: "Azərbaycan torpaqları işğal altındadırsa, Silahlı Qüvvələrin əsas hədəfi də torpaqların işğaldan azad edilməsidir. Bu baxımdan ötən illərdə Azərbaycanda yeni silah-sursat və hərbi texnikanın alınması və istifadəyə verilməsi həm ordumuzun modernləşdirilməsi, həm də işğal altındakı torpaqlarımızın azad edilməsi perspektivinə Silahlı Qüvvələrin hazırlanması hədəfi güdülür. 2009-cu ildən etibarən Azərbaycan ordusunda müasir rabitə, informasiya əldə etmə avadanlıqlarının tətbiqinə başlanılıb. Bu özünü əsasən quru qoşunlarında göstərsə də, eyni zamanda hərbi dəniz və hərbi hava qüvvələrinin komplektləşdirilməsi prosesində də göstərir. Həmin texnikanın da Türkiyə, İsrail və müəyyən qədər də Ukraynadan alınması nəzərdə tutulur. Onu da qeyd edim ki, Ukraynanın hərbi məhsulları son illər keyfiyyət baxımından bir qədər yüksəlib. Eyni zamanda həmin rabitə avadanlığının məbləği digər ölkələrdəki analoji texnika ilə müqayisədə ucuzdur. NATO standartlarına uyğun olan Ukrayna hərbi texnikasının əldə edilməsi Azərbaycanın ordu quruculuğu planlarına uyğundur. Eyni zamanda torpaqlarımızın işğaldan azad olunması perspektivinə müvafiq olaraq həyata keçirilir".

İstefada olan polkovnik-leytenant İldırım Məmmədov isə qeyd etdi ki, İsraildən alınan və Ukraynadan alınması gözlənilən müasir tipli silahlar torpaqları işğalda olan Azərbaycanın hərbi baxımdan daha da güclənməsinə hesablanmış addımdır: "Azərbaycanda hazırda istismarda olan radiolokasiya stansiyaları bir-birindən fərqlidir. Radiolokasiya stansiyası deyəndə isə təkcə quru sərhədlərinin qorunması deyil, dəniz sərhədlərinin qorunması da nəzərdə tutulur. Çünki Azərbaycanın 600 kilometr məsafədə həm də dəniz sərhədi vardır. Fikrimcə, bugünkü gündə ən zəif müdafiə olunan sistem də məhz dənizlə bağlıdır. Rusiya öz hərbi-dəniz qüvvələrini daim gücləndirir. Eyni zamanda Xəzər dənizində İrana dəstək olmaqla onun da hərbi-dəniz qüvvəsinin güclənməsinə yardım edir. Azərbaycan da həmin məqamlara görə öz müdafiəsi istiqamətində proseslərdən geri qalmamalıdır. Bir neçə il öncə NATO çərçivəsində Qərb uzun məsafəli sualtı, suüstü və hava məkanı üçün rabitə vasitələrilə Azərbaycana dəstək olmuşdu. Qabaqlar Rusiya ilə İran arasında hərbi münasibətlər tam nəzarətsiz formada davam edirdisə, həmin proqramın yerinə yetirilməsindən sonra Azərbaycan hansısa bir formada dənizin altı, üstü və hava məkanını nəzarətə götürə bildi. Ukraynadan alınan "Kolçuqa" tipli rabitə kəşfiyyat aparatına gəldikdə, o yeni texniki münasibətlər nəticəsində yaranmış bir avadanlıqdır. Həmin texnika həm də mobil olması ilə seçilir. Ona görə də ölkəmizin ərazisinin hər bir yerində istifadə oluna bilər. Həmin texnikanı almaqla Azərbaycan bizi istəməyən və düşmən xarici qüvvələrə iqtisadi və hərbi cəhətdən Cənubi Qafqazın lider ölkəsi olduğu mesajını göndərir. Əmr verilərsə, heç şübhəsiz xaricdən son zamanlar alınan müasir hərbi texnikalar torpaqlarımızın azad edilməsində dəstək və yardımçı ola bilər".

Rüfət NADİROĞLU