Azərbaycanda Konstitusiya günüdür
12 Noyabr 2012 10:46 (UTC+04:00)
Bu gün Azərbaycanda Konstitusiya günüdür. 1995-ci il noyabrın 12-də
qəbul olunmuş Konstitusiya, Azərbaycanı demokratik prezident
respublikası elan etdi. Bununla da Azərbaycanda 1920-ci ildən sonra
qurulmuş hüquqi-siyasi sistem, rəsmi olaraq öz mövcudluğuna son
qoydu.158 maddədən ibarət yeni Konstitusiya, sovet respublika
modelindən demokratik respublika modelinə keçidin hüquqi əsasını
təşkil etdi.
Əsas qanunun qəbul edilməsindən yeddi il sonra isə 2002-ci ilin
avqustun 24-də referendum keçirildi, Konstitusiyanın 24 maddəsinə
əlavə və dəyişikliklər edildi. Bu əlavə və dəyişikliklər,
Azərbaycanın Avropa Şurasına qəbul edilərkən üzərinə götürdüyü
öhdəliklərin yerinə yetirilməsi demək idi. Orada bildirilir ki, 16
il əvvəl qəbul edilmiş Konstitusiya, Azərbaycanın fəaliyyətinin
əsas prinsiplərini, demokratik dövlət quruculuğu prosesinin başlıca
istiqamətlərini, vətəndaşların fundamental hüquq və vəzifələrini
müəyyən edib.
Konstitusiyanın qəbulundan sonra ölkəmizdə bir çox sahələrdə,
xüsusən də hüquqi dövlət quruculuğu və insan haqlarının təmini
sahəsində əhəmiyyətli dəyişikliklər baş verib. Hakimiyyət bölgüsü
prinsipinin daha ardıcıl həyata keçirilməsi üçün məhkəmə-hüquq
islahatları aparılıb, respublikamız insan hüquqları sahəsində bir
çox konvensiyalara qoşulub, vətəndaşların hüquq və azadlıqlarının
qorunması üçün ölkə daxilində yeni mexanizmlər yaradılıb.
Xatırladaq ki, Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi ilə
bağli 2009-cu ildə də ümumxalq referendum keçirilib.