Misir Mərdanov müəllimlərin əmək haqlarının ödənişində yeni sistemin tətbiqinə aydınlıq gətirib
12 Noyabr 2012 10:50 (UTC+04:00)
İlkin mərhələdə Azərbaycanın dövlət ali məktəblərində işçilərin
əmək haqlarının məktəb rəhbərliyi tərəfindən müəyyənləşdirilməsi
məsələsi müəyyən qədər tənzimlənməlidir. Bunu bazar ertəsi
jurnalistlərə Azərbaycan təhsil naziri Misir Mərdanov deyib.
Onun sözlərinə görə, Nazirlər Kabinetinin "Dövlət ali məktəblərinin
işçilərinin əmək haqlarının və ona əlavələrin verilməsi barədə
qərarı"nın ləğv edilməsindən sonra ali mətkəb rəhbərliyi istədiyi
müəllimə müəyyən çərçivələr daxilində əmək haqqı verməlidir. Nazir
deyib ki, indiyədək bu çərçivə bəlli idi və NK tərəfindən
müəyyənləşdirildi.
"Buna görə də indi hər halda həm nazirlik, həm də hər bir ali
məktəb səviyyəsində müəyyən çərçivə sənədləri hazırlansa və ilkin
vaxtlarda bu məsələ tənzimlənsə, daha səmərəli olar"- Mərdanov
deyib.
O qeyd edib ki, hazırda ali məktəb rəhbərlərləri də bu məsələ ilə
bağlı ona tez-tez müraciət edirlər.
Ümumilikdə Nazirlər Kabinetinin son qərarını ürək acan bir sənəd
hesab edən Mərdanov deyib ki, hər bir zaman təhsil müəssisələrinə
muxtariyyət hüququnun verilməsi arzu edilib.
Onun sözlərinə görə, ali məktəblərin bu hüquqları nə qədər geniş
olsa, bir o qədər yaxşı olar.
"İndi də Azərbaycan Hökuməti Maliyyə Nazirliyinin təklifi ilə ali
məktəb işçilərinin əmək haqlarının müəyyənləşdirilməsi məsələsini
ali məktəblərin rəhbərliyinə - Elmi Şuraların ixtiyarına verib. Bu,
əslində sevindiricidir. Amma mən uzun müddət ali məktəbdə çalışmış
bir insan kimi bu qərarın necə icra olunması və onun ali təhsilə
necə fayda verməsi barədə bu gün fikir söyləməkdən uzaqam",- nazir
qeyd edib.