Azad Könüllülər Klubu Qubada könüllü layihəyə start verib - FOTOLAR
12 Noyabr 2012 16:34 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, ötən həftənin
sonunda Qubada fəaliyyət göstərən Azad Könüllülər Klubunun
"Ədəbiyyat məktəbi" adlı könüllü layihəsi çərçivəsində ilk tədbir
təşkil olunub. Tədbir Quba rayon Mərkəzi kitabxanasının oxu zalında
keçirilib. Tədbirdə iştirak edən gənclər 1-ci hissədə "Niyə kitab
oxumalıyıq?" mövzusunda müzakirə edib, 2-ci hissədə isə "Ədəbiyyat
məktəbi"nin direktoru Fərid Eyyubov Nobel mükafatı almış (2006)
türk yazar Orhan Pamukun həyat və yaradıcılığı barədə gənclərə
məlumat verib. Gənclər Orhan Pamukun "Mənim adım qırmızı", "Qar",
"İstanbul" əsərləri haqqında danışıblar. Klubun sədri Mehman
Məmmədovun verdiyi məlumata görə, layihə çərçivəsində gələn ilin
may ayına qədər hər ay müxtəlif yerli və əcnəbi yazarların həyat və
yaradıcılığı haqqında gənclərə məlumat veriləcək və ən azı 7
seminara qatılan iştirakçılara sertifikatlar təqdim ediləcək.
Xatırladaq ki, Azad Könüllülər Klubu bu il Qubada təsis olunub və
şimal bölgəsində gənclərin maarifçiliyə həvəsləndirilməsi, onların
aktiv ictimai fəaliyyətə cəlb olunmasına çalışan müstəqil düşüncəli
gənclərin birliyidir.