Elmi işçilərin maaşları arasında fərq yoxluğu ciddi fəsadlara yol açır

13 Noyabr 2012 13:23 (UTC+04:00)

Kiçik və böyük elmi işçilərin maaşları arasında fərq olmadığına görə çox zaman insanların dərəcə artırmaq, yeni layihələr işləmək üçün maraqları azalır.

Keçmiş təhsil naziri, təhsil üzrə ekspert Firudin Cəlilov alimlərin əməyinin qiymətləndirlməsində bərabərliyin sovet dövrünün qalığı olduğunu bildirir: "Ümumiyyətlə elmdə vəziyyət belədir ki, elmi işçinin verdiyi məhsula görə maaş təyin edilməlidir. Ola bilər ki, eyni vəzifədə elmlər doktoru işləsin, ya da elimlər namizədi bunların maaşlarında fərq olmalıdır. Azərbaycanda alimlərin maaşları çox aşağıdır. Bu da bizim elmə ziyan vurur. Alimlərə maaşı az verməklə elmimizə ziyan vururuq. Ümumiyyətlə bərabərlik sistemi sovet dövründən qalma bir məsələdir. Sovet dövründə hamıya eyni maaş verilsin prinsipi var idi. Normal cəmiyyətlərdə isə ortaya çıxarılan məhsula, onun keyfiyyətinə görə maaş verilir. İki müəllim eyni dərsi deyir. Biri keyfiyyətli, digəri isə keyfiyyətsiz dərs deyir. Bunlar da fərqləndirilməlidir. İnsanlara zəhmətinə görə qiymət verilməyəndə o sahədə inkişaf həmişə ləng gedir. Bu mənada bir stimul olmalıdır. Yəni yaxşı ilə pis fərqləndirilməlidir."