Təhsildə qadınların dominantlığı hansı problemləər yol açır?

13 Noyabr 2012 13:46 (UTC+04:00)

Bu gün ölkəmizin orta məktəblərində dərs deyən müəllimlərin 80 faizdən çoxu qadınlardır. Təhsil naziri Misir Mərdanov bu məsələni dəfələrlə gündəmə gətirib: "Müəllimlərin heç olmasa 30 faizi kişi olmalıdır. Məktəb direktorlarının da 95 faizi qadınlardır. Mən demirəm ki, qadınları işdən çıxaraq, kişilər işləsin. Amma hər halda bu məsələni diqqət mərkəzində saxlamalıyıq."

Bəs qadınların təhsil sistemində dominantlığı gələcəyimiz üçün nə vəd edir?

Təhsil üzrə ekspert Məlahət Mürşüdlü qadınların təhsil sistemində dominantlığının Azərbaycanın gələcəyi üçün müsbət olmadığını dedi: "Pedoqoji təşkilin qadın yönümlü olması haqqında söhbətlər gedir. Qadınların müəllim olmağa marağının artmasının səbəbi dərs saatlarının uyğunluğu, iş tapmağın rahat olması, bu sahədə özlərini hazır hiss etmələridir. Ona görə də qadınlar müəllimliyə daha çox maraq göstərirlər. Kişilərin isə tam əksinə olaraq bu peşəyə az maraq göstərməsinin səbəbi iqtisdi məsələlər ilə, əmək haqqının az olması ilə bağlıdır. Müəllim olan kişilərin ailələrinə baxdıqa görərik ki, maaşın az olması səbəbi ilə kişilər həta peşələrini atıb başqa işlərdə işləyirlər. Məktəblərdə kişilərin işləməsi çox vacibdir, oğlanlarımızın, qızlarımızın tərbiyə edilməsində çox əhəmiyyət kəsb edir. Belə ki, artıq bizim bəzi oğlanlarımızda qadınlaşma meyli güclənir. Çünki uşaqlar müəllimlərini idealları kimi görürlər, onlar kimi görünməyə çalışırlar. Biz bu günümüzdə oğlanların saçlarını sığallaması, şüşədə özlərinə baxması halları ilə tez-tez qarşılaşırıq. Xüsusən də ibtidai siniflərdə kişi müəllimlərimizin işləməsi çox vacibdir. Bu təlim-tərbiyə işinin keyfiyyətinə öz müsbət təsirini göstərə bilər. Qadın müəllimlər sadəcə öz peşə vəzifələrini yerinə yetirirlər. Təhsil prosesində kişi müəllimlərə az rast gəlinir. Lakin rəhbər vəzifələrdə, dövlət qulluğunda kişilər üstünlük təşkil edir. Araşdırmaların nəticəsi olaraq deyə bilərəm ki, qadın müəllimlərin çoxluq təşkil etməsinin müsbət tərəfləri ondan ibarətdir ki, məsuliyyət daha çoxdur, nizam-intizama daha çox fikir verilir. Qadınların təhsil sistemində dominantlığı ilə mən də razılaşıram. Bu Azərbaycanın gələcəyi üçün bir o qədər də uğurlu deyil. Şagirdlərin məktəb daxilində məktəb nizamnaməsinə uyğun davranışlrına, məktəb daxilindəki hərəkətlərinə mənfi təsir göstərir. Kişilər mütləq müəllim olaraq məktəblərdə işləmlidirlər."