Qərbdə bəyanatlarla niyyətlər üst-üstə düşmür

14 Noyabr 2012 07:04 (UTC+04:00)

Son vaxtlar Azərbaycana qarşı yazılan materialları nəzərdən keçirdikdə, onların da konkret səbəbləri aydın olur. Bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun "Newtimes.az" portalına müsahibəsində bildirib: "Bir neçə həftə əvvəl Azərbaycan Prezidenti hökumət üzvlərilə keçirdiyi müşavirədə bp şirkəti ilə əlaqədar bir neçə iradını bildirdi. Özü də dövlət başçısı bunu açıq, səmimi bəyan etdi. Bəyanat götürülən öhdəliklərin yerinə yetirilməsinin beynəlxalq münasibətlərdə zəruri olduğunu həmişə vurğulayan dairələrə belə bir mesaj idi ki, yüksək səviyyədə imzalanmış – müqavilə və saziş vasitəsilə təsdiq edilmiş sənəddə öhdəlik nə üçün yerinə yetirilmir. Bunu müxtəlif səbəblərlə izah etməyə çalışırlar. Amma heç bir səbəb bu vəziyyətə bəraət qazandıra bilməz. Üstəlik, görün nə baş verdi? Məhz bu bəyanatdan sonra Qərbin bir sıra kütləvi informasiya vasitələrində, o cümlədən "Forbes", "Guardian", "Financial Times" və s.-də çox qəribə olsa da, bp-ni müdafiə edən materiallar çıxdı: Fikir verin, görün birdən hansı media orqanları reaksiya verdi. Bunun mənası nədir? Müqavilə ilə bağlı öz vəzifəsini yerinə yetirməyən bp-nin belə tezliklə müdafiəsinə qalxmaq nə deməkdir?

Ancaq məsələ heç bununla da məhdudlaşmadı. Həmin dairələr sonra nə isə düşünüb – bütövlükdə Azərbaycanı hədəfə götürməyi qərara aldılar. Bu zaman həm də Azərbaycan Prezidentini hədəfə götürdülər. Çünki bu gün Azərbaycanın bütün nailiyyətləri Prezident İlham Əliyevlə bağlıdır. Ona görə də diqqət edin nə baş verir: Böyük Britaniyanın Azərbaycandakı səfirinin şahzadə Endrü ilə görüşündən xəbər tutan məkrli jurnalist fürsətdən istifadə edərək Azərbaycan və Prezident haqqında heç bir əsası olmayan yalan, böhtan və cəfəngiyat dolu fikirlər söyləyir. Görəsən, bunları hansı məqsədlə edirlər? Yazıları oxuyan kimi, onların nə dərəcədə məkrli, yalan, böhtan olduğu aydın görünür".

O qeyd edib ki, Azərbaycana qarşı belə təbliğat kampaniyaları əvvəllər də olub: "Bu gün onu yenidən müşahidə edirik. Artıq belə şeylərə alışmışıq. Yəqin yadınızdadır, "Avroviziya" beynəlxalq mahnı müsabiqəsinin Bakıda keçirilməsi ərəfəsində və Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv seçildikdən sonra belə təbliğat kampaniyaları apardılar. Bu proseslərlə bağlı bir neçə məsələni qeyd etməyi vacib hesab edirəm:

Bunlar müəyyən və konkret məqsədlərlə edilir, səbəbi də çox aydın görünür. Məsələn, bəzi dairələr qəbul edə bilmirlər ki, Azərbaycan kimi ərazicə kiçik bir dövlət bu qədər böyük nailiyyətlər qazanır: "Avroviziya", BMT Təhlükəsizlik Şurası, nəhəng layihələr, daxili sabitlik və rifah, regional liderlik və s.

Cənub Qafqazda niyə məhz Azərbaycan söz sahibi olsun. Ümumiyyətlə, bu cür çoxlu sayda səbəb göstərmək olar. Bütün bunlar Qərbdə bir sıra dairələri narahat edir. Buna görə də qısqanclıq özünü göstərir. Təəssüflər olsun ki, Qərbdə beynəlxalq ictimaiyyətə ünvanlanan bəyanatlarla həqiqi niyyətlər üst-üstə düşmür".