AŞPA sədri Parisdə Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb

14 Noyabr 2012 13:28 (UTC+04:00)

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Jan-Klod Minyon noyabrın 13-də Monitorinq Komitəsinin yığıncağı ilə əlaqədar Parisdə səfərdə olan Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin rəhbərlərini qəbul edib.

APA-nın "AzərTac" dövlət agentliyinə istinadən verdiyi məlumata görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb.

Jan-Klod Minyon rəhbərlik etdiyi təşkilatın münaqişənin sülh yolu ilə tezliklə həllini tapacağına ümidvar olduğunu bildirib, ATƏT-in Minsk qrupunun bu istiqamətdə apardığı səyləri dəstəklədiyini və AŞPA-nın qrupa hərtərəfli kömək göstərməyə hazır olduğunu bildirib.

AŞPA sədri və nümayəndə heyətlərinin rəhbərləri münaqişənin həlli istiqamətində belə görüşlərin mühüm rolunu vurğulayıblar.