Yol polisi sürücülərə müraciət edib: “Təhlükə var”
14 Noyabr 2012 15:06 (UTC+04:00)
Noyabrın 13-ü axşam saatlarından başlayaraq ölkə
ərazisində müşahidə olunan yağmurlu hava şəraiti ölkə ərazisində
baş verən yol-nəqliyyat hadisələrinin sayının artmasını səbəb olub.
Lent.az-ın məlumatına görə, təkcə noyabrın 14-nə keçən gecə Bakı
şəhəri ərazisində 6 yol qəzası baş verib ki, nəticədə 9 nəfər ağır
bədən xəsarəti alıb.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran
Əliyev Lent.az-a bildirib ki, belə hava şəraiti, ümumiyyətlə qış
mövsümü sürücülərdən daha diqqətli və ehtiyatlı olmağı tələb edir:
"Sürücüləri diqqətli olmağa çağırırıq, bütün respublika ərazisində
yağmurlu hava şəraiti müşahidə edilir. Bundan sonra sürücülərə qış
şinlərinə üstünlük vermələri məsləhət görülür. Həmçinin yollarda
sürət həddinin gözlənilməsi, manevr qaydalarına riayət edilməsi,
ötmə hərəkətləri, ara məsafəsi saxlanılması kimi məqamlara diqqətlə
yanaşılmalıdır. Düşünmək lazımdır ki, daha avtomobili quru asfalt
üzərində idarə etmirlər və maşının idarəetmədən çıxma riski daha
böyükdür. Yağmurlu hava şəraitində sürücülər şüşə silgəclərini
yoxlamalıdırlar. Şüşəyuyanların saz vəziyyətdə olması, bunun üçün
saxlanılan su ehtiyatını yoxlamaları vacibdir".
Qeyd edək ki, ölkə ərazisində yağmurlu hava
şəraitinin daha 2 gün davam edəcəyi gözlənilir.