Banklar yenə ayrıseçkilik edir

14 Noyabr 2012 18:50 (UTC+04:00)
Yerli kommersiya banklarının kredit siyasəti paytaxt və regionlar üzrə nəzərəçarpacaq dərəcədə fərqlənir. Banklar regionlarda daha kəskin maliyyə siyasəti yürüdürlər desək yanılmarıq.
2012-ci ilin ilk yarısında ölkə iqtisadiyyatına kredit qoyuluşu 10 milyard 834,8 milyon manat təşkil edib. Ümumi kreditlərin 87 faizi, yəni 9 milyard 436,1 milyon manatı paytaxt Bakının payına düşüb. Yerdə qalan 13 faiz regionların öhdəsində olub. Regionlara verilən kreditlərin orta faiz dərəcəsi 24,2 və 23 % olub. Bakı şəhərində isə bu rəqəm 15 % təşkil edib.
Bəs banklar niyə ayrıseçkiliyə yol verir? Vəziyyəti düzəltmək üçün hansı addımlar atıla bilər?
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev məsələ ilə bağlı aşağıdakıları bildirdi: "Azərbaycanda bank kreditlərinin faizləri həmişə müzakirə mövzusu olub. Bir məsələdə hamının fikri üst-üstə düşür ki, Azərbaycanda bank kreditlərinin faiz dərəcəsi yüksəkdir. İstər dövlət rəsmiləri, istərsə də krediti götürən şəxslər bu faktı təsdiqləyirlər. Mən deməzdim ki, banklar ayrıseçkiliyə yol verir. Çünki, bank kommersiya qurumudur və öz fəaliyyətini biznes maraqları çərçivəsində qurur. Banklar daha çox gəlir götürmək və daha az riskə getmək prinsipini əsas götürürlər. Bu gün reallıq ondan ibarətdir ki, Bakı və onun ətrafındakı rayonların payı istər ümumdaxili məhsulun formalaşmasında, istərsə də digər iqtisadi parametrlər üzrə böyük çəkiyə malikdir. Əmanət yığımına baxsaq 90 % Bakı və onun ətrafındakı rayonların payına düşür. O cümlədən də kreditlərin verilməsi. Baxmayaraq ki, ölkə üzrə orta faiz dərəcəsi 16-17 faizdir, ən az kredit faizi yenə paytaxtın payına düşür. Regionlara getdikcə həm kredit qoyuluşunun həcmi azalır, həm də kredit faizləri artır. Bunun da səbəbi odur ki, regionlarda iqtisadiyyatın səviyyəsi arzuolunan səviyyədə deyil. İnkişaf daha çox Bakıya məxsusdur. Eyni zamanda risk etmək daha çətindir. Təsəvvür edin ki, bank regionlarda xidmət göstərmək üçün öz filialını açır. Bu banklara çox baha başa gəlir. Çünki regionlarda iqtisadi aktivlik aşağı olduğundan bank xidmətindən yararlananların sayı kifayət etmir. Bu da ona gətirib çıxarır ki, bankın regionda təsis etdiyi filialın saxlanması xərci daha çoxdur. Buda bankın mərkəz ofisindən region ofisinə yardım edilməsinə gətirib çıxarır. Banklar risk amilini nəzərə alaraq kredit faizlərini qaldırırlar ki, kredit qaytarılmadıqda heç olmasa faiz hesabına özlərini sığortalamış olsunlar. Bu gün banklar regionlarda kredit verəndə təbii ki, böyük kreditlər üçün girov tələb edirlər. Hətta bu halda belə onların tələb etdiyi girov, regiondakı ev deyil, Bakıdakı ev olur. Çünki kreditin qaytarılması ilə bağlı problem olduqda regiondakı evin satılması ilə bağlı xeyli problem yaranacaq. Bütün bu amillər Bankları vadar edir ki, əsas kreditləşməni Bakıda həyata keçirsin."
İqtisadçı ekspert problemin aradan qaldırılması yollarından da danışdı: "Bu problemin aradan qaldırılması üçün fundamental addımlar atılmalıdır. Heç kim bankları məcbur edə bilməz ki, regiona aşağı faizlə, çox kredit ayırsın. Bunun üçün zərurət və imkan olmalıdır. Bu imkanlar da ondan ibarətdir ki, Azərbaycanda bankların sayı çoxdur. 43 bank var və biz dəfələrlə bildirmişik ki, bu bankların sayı azaldılmalıdır. Say azaldılmaqla kəmiyyətdən keyfiyyət dəyişikliyinə keçirilməlidir. Banklar birləşsə xərclər azalar və göstərilən xidmətin keyfiyyəti yaxşılaşar. Məsələnin həllinin bir yolunu bankların birləşməsində görürəm. Problemdən digər çıxış yolu isə regionların inkişafında axtarmaq lazımdır. Regionlarda iş yerləri yaradılmaqla, insanların həyat fəaliyyətini yaxşılaşdırmaqla, vergi güzəştləri və digər güzəştlər tətbiq etməklə regionlarda iqtisadi aktivliyi artırmaq olar. Bu halda insanlar regionlarda qalacaq, Bakıya axın azalacaq və bu da banklara filial açmağa sərf edəcək."