Fransa neytral vasitəçiliyini yenidən zərbə altına qoyur

15 Noyabr 2012 10:02 (UTC+04:00)

Məlumdur ki, Fransanın sabiq prezidenti Nikola Sarkozi vəzifəsinin təhvil verməsinə az bir müddət qalmış ölkəsində uydurma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinin qəbulu istiqamətdə ciddi fəaliyyət göstərirdi. Bunula bağlı qanun layihəsi Senatdan keçsə də, 2012-ci ilin fevralında o, Fransa Konstitusiya Məhkəməsi tərəfindən ləğv edildi. Konstitusiya Məhkəməsi bu qanunu vətəndaşların söz azadlığını pozan sənəd kimi qiymətləndirdi.

Sonradan Fransanın indiki prezidenti Fransua Ollandın bu problemə son qoyacağı, Parisin uydurma "erməni soyqırımı"nı tanımaqdan vaz keçəcəyi gözlənirdi. Lakin az sonra məlum oldu ki, Olland da sələfi Nikola Sarkozi kimi uydurma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunun hazırlanmasına tərəfdardır. Əslində, belə bir qanun layihəsinin hazırlanması Ollandın seçkiqabağı vədlərindən biri olub və prezident bu vədini yerinə yetirmək fikrindədir.

Artıq deyəsən doğurdan da F. Olland vədini həyata keçirməyə başlayır. Bu, Ermənistan prezidenti Serj Sərkisyanın 11- 13 noyabr tarixində Fransaya səfəri zamanı bir daha təsdiqini tapıb. Məlum olub ki, Fransa "erməni soyqrımı"nı inkara görə cinayət məsuliyyəti nəzərdə tutan qanun qəbul olunacaq. Sərkisyan həmçinin Konstitusiya Məhkəməsi tərəfindən senzura tətbiqinin qarşısını almaq üçün qanun layihəsinə hüquq baza yaratmağın əhəmiyyətini vurğulayıb. Məsələyə münasibət bildirən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmət rəhbəri Elman Abdullayev "Mövqe"yə açıqlamasında bildirdi ki, bu, heç də siyasi məsələ deyil: "Yəni, bu məsələ siyasətçilər tərəfindən yox, tarixçilər tərəfindən araşdırılmalıdır. Ümumiyyətlə, biz əvvəllər də mövqeyimizi açıq şəkildə bildirmişik. Hesab edirik ki, Fransa özünün neytral və obyektiv mövqelərini qoruyub saxlamalıdır. Çünki, Fransa həm də Azərbaycan – Ermənistan münaqişəsinin həlli prosesində vasitəçi ölkələrdən biridir. Eyni zamanda Fransa region üçün əhəmiyyətli ölkələrdən sayılır. Bu məqamları nəzərə alaraq təbii ki, Fransada bu məsələyə xüsusi həssaslıqla yanaşılmalıdır. Çünki, belə bir qərarın qəbul olunması və yaxud da bu istiqamətdə hansısa addımların atılması Fransanın regionda nüfuzuna zərbə vura bilər. Bu həm də Fransanın region yaxınlığına xələl gətirə bilər. Amma hazırda biz belə bir məqamı görmürük. Çünki, adətən erməni mətbuatı bir çox məqamları təhrif və manipulasiya edir. Erməni mətbuatı əvvəllər də təhrifedici, manipulasiya xarakterli məlumatlar yaymaqla məşğul olub".