Banklar insanların evlərini əllərindən alır

15 Noyabr 2012 07:28 (UTC+04:00)

Ölkədə pul-kredit siyasətini, dövlət Mərkəzi Bank həyata keçirdiyi üçün bankların xüsusilə, özəl bankların kredit faizləri ilə bağlı tədbirlər görülməlidir. Bunu millət vəkili Vahid Əhmədov 2013-cü ilin dövlət büdcəsi ilə bağlı parlamentdə müzakirələrdə çıxışı zamanı qeyd edib.

Onun dediyinə görə, bankların daha çox özəl bankların kredit faizlərini həddindən artıq yüksək faizlə müəyyənləşdirdikləri üçün son dövrlər xeyli sayda insanlar həmin kreditləri ödəyə bilmədikləri üçün evlərindən, əmlaklarından məhrum olunublar.

"Bu gün rayonlarda insanların bir çoxu yüksək faizli kreditləri qaytara bilmədikləri üçün onların evləri, əmlakları əllərindən alınıb. İnsanlar evlərindən çölə atılıb. Axı, 20-25 və ya 28-30 faizlə kreditmi olar?

Dünyanın heç bir yerində belə bir şey yoxdur. Hətta bu gün iqtisadi böhran yaşayan Yunanıstanda, İspaniyada hökumət belə bir qərar verib ki, insanlar kreditlərini ödəyə bilmədikləri üçün evləri, əmlakları müsadirə olunmasın, onların əlindən alınmasın.

Bizdə isə iqtisadi inkişafın baş verdiyi şəraitdə bankların, bu cür kredit siyasəti yürütməsi yol verilməzdir. Düzdür, deyə bilərlər ki, bankların əksəriyyəti özəl banklardır, amma ölkədə pul-kredit siyasətini, hökumət Mərkəzi Bank həyata keçirdiyi üçün bankların kreditləşmə siyasəti ilə bağlı müəyyən tənzimləyici, önləyici tədbirlər görməlidir. Yoxsa insanlarımız getdikcə müflisləşəcəklər buna heç cür imkan vermək olmaz".