Əcnəbilərin Bakıda daşınmaz əmlaka marağı "ölüb"

15 Noyabr 2012 12:39 (UTC+04:00)

Danılmaz həqiqətdir ki, bu gün Bakıda əcnəbilərin daşınmaz əmlak alması halları elə də geniş yayılmayıb. Bakı şəhərində daşınmaz əmlakın bahalaşması, xüsusilə də xarici ölkə vətəndaşlarının paytaxtımızda daşınmaz əmlaka sahib olmaları üçün tələb olunan hüquqi prosedurların mürəkkəbliyi burada az rol oynamır.

Əgər əvvəlki illərdə Azərbaycanda xarici vətəndaşların aldığı daşınmaz əmlakın sayı artan xətt üzrə inkişaf edirdisə, 2012-ci ildə bu, aşağı düşüb. Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) 2011-ci ilə aid məlumatına əsasən, 2010-cu illə müqayisədə keçən il xaricilər daha çox daşınmaz əmlak alıblar. 2012-ci ildə isə Bakı şəhərində daşınmaz əmlak alan xarici vətəndaşların sayında kəskin azalmalar olub. Buna əsas səbəb ki, dünya ölkələrindəki böhran, yəni xaricdə daşınmaz əmlakın ucuzlaşması, Bakıda isə bu sahədə qiymətlərin bahalaşmasıdır. Yaranmış durum Azərbaycanın daşınmaz əmlak bazarının əcnəbilər üçün o qədər də cəlbedici olmadığını göstərir. 

Ekspertlər hesab edirlər ki, hər bir dövlət xarici vətəndaşların daşınmaz əmlak almalarında maraqlı olmalıdır. Bir sıra ölkələr var ki, daşınmaz əmlak alan əcnəbilərə hətta müvəqqəti vətəndaşlıq statusu verirlər. Azərbaycanda isə ikili vətəndaşlıq hüququ tanınmır və hətta xarici vətəndaşlara torpaq sahəsi satılmır. Torpaq sahəsi əcnəbilərə bir illiyə icarəyə verilir. Amma əcnəbilər mənzil və digər daşınmaz əmlakın xüsusi mülkiyyətçisi ola bilirlər. Bundan başqa Azərbaycanda xarici ölkə vətəndaşları üçün daşınmaz əmlaka sahib olmaq üçün təftişedici, həvəsləndirici kampaniyalar mövcud deyil. Daşınmaz əmlakın alqı-satqısını həyata keçirən agentliklrin fəaliyyəti isə daha çox ölkə daxili ilə məhdudlaşır. 

Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin sədri Ramil Osmanlı hesab edir ki,  indiki durumda Azərbaycanın daşınmaz əmlak bazarı əcnəbilər üçün cəlbedici ola bilməz: "Xarici ölkə vətəndaşları daha çox Bakı şəhərində mənzil almağa və Xəzər sahillərində bağ evləri, istirahət mərkəzləri almağa üstünlük verirlər. Son bir neçə ildə paytaxtda daşınmaz əmlakın qiymətinin bahalaşması da xarici ölkə vətəndaşlarının müştəri olaraq qaçmasına səbəb olur".

R.Osmanlı hesab edir ki, Azərbaycanda daşınmaz əmlak alan əcnəbilər əsasən İran, Türkiyə, Gürcüstan və Rusiya vətəndaşlarıdır: "İran vətəndaşları ilə daşınmaz əmlakın alqı-satqısının notariusda təsdiqlənməsi qanunla qadağandır. 9 ölkə var ki, onların vətəndaşları ilə notarial qaydada alqı-satqı müqaviləsi imzalanmır. Azərbaycanda daşınmaz əmlak alan vətəndaşları burada cəlbedən müxtəlif səbəblər var. Bəziləri məcburiyyətdən, bəziləri biznes məqsədləri üçün daşınmaz əmlak alırlar. Məsələn, xarici firmaların buradakı nümayəndəliklərinin yerləşdiyi binalar ya icarəyə götürülür, ya da xüsusi mülkiyyətə keçirilir. Düşünürəm ki, əgər ölkədə daşınmaz əmlak bazarında əcnəbilərin aktivliyinə səbəb olmaq istəyiriksə, onların maraqlarını nəzərə almalıyıq. İlk növbədə qiymətlər münasib olmalı, kommunal xidmətlər yüksək səviyyədə təşkil edilməli, təhlükəsizlik məsələlərinə əməl olunmalıdır. Qonşu Türkiyə daşınmaz əmlak bazarında aktivlik yaratmaq üçün bir neçə ölkənin vətəndaşları üçün əvvəllər mövcud olmuş hüquqi prosedurlar ləğv edildi. Eyni islahat Azərbaycanda da aparılmalıdır. Bu gün dünyada daşınmaz əmlak bazarında mühafizəkarlıq aradan götürülməkdədir. Əksinə, bir sıra dövlətlər maraqlıdılar ki, əcnəbilər onların daşınmaz əmlak bazarında fəal iştirak etsinlər. Bu büdcə gəlirlərinin artmasına səbəb olur".

R.QAÇAYOĞLU