Müxalifətin mehriban düşmənləri

15 Noyabr 2012 12:47 (UTC+04:00)

Qurultayın gecikməsi üzündən  Müsavat başqanı İsa Qəmbər partiyaya qeyri-qanuni olaraq başqanlıq etməsi barədə müxtəlif fikirlər səsləndirilir. Qeyd edək ki, Müsavat Partiyasında qurultayın vaxtı artıq çoxdan çatıb və partiya bu məsələdə nizamnaməsini pozur. Sonuncu qurultay 2006-cı ildə baş tutmuşdu.

Nizamnaməyə görə də növbəti qurultay 4 ildən bir baş tutmalıdır. Amma artıq ötən qurultaydan 6 il yarıma qədər vaxt keçməsinə rəğmən Müsavat Partiyası  ali tədbirinin keçirilməsi vaxtını naməlum müddətədək uzadır. Hətta mətbuatda da belə fikirlər səslənir ki, Müsavat başqanı bilərəkdən qurultayın keçirilmə vaxtını uzadır. Burada da məqsəd birdir. Belə ki, nizamnaməyə görə artıq iki dəfə başqan seçilən İsa Qəmbər növbəti dəfə partiyaya rəhbərlik edə bilməz. Bu mənada belə demək mümkünsə, Müsavatda İsa Qəmbərin başqanlıq erası artıq bitib. Partiyaya artıq yeni adam rəhbərlik etməlidir. Bu isə heç şübhəsiz İsa Qəmbərin özünü təmin etmir. O, dəfələrlə mətbuata açıqlamalarında artıq başqanlıqdan getmək niyyətində olduğunu bildirib. Amma reallıq tamam başqadır, İsa Qəmbər hər vəchlə çalışır ki, hazırkı postunda daha bir müddət də qala bilsin. Buna görə də müxtəlif bəhanələrlə bilərəkdən qurultayın vaxtını uzadır. Bu bəhanələr də hakimiyyətin guya qurultay keçirmək üçün partiyaya münasib yer ayırmaması ilə bağlıdır. İclas keçirmək üçün geniş yerlərə malik özəl təşkilatlar da müsavatçıların rəyincə hakimiyyətdən çəkindiklərindən onlara yer vermirlər. Belə cəfəng priyomlarla Müsavatın hazırkı rəhbərliyi partiyadakı başqanlıq ömrünü uzatmağa çalışır. Məsələnin digər tərfi isə hazırda Müsavat Partiyasının müttəffiqi olan AXCP ilə bağlıdır. Belə ki, bu təşkilat, xüsusən onun rəhbəri Əli Kərimli də Müsavatın qurultayının tez bir zamanda keçirilməsində maraqlıdır. Bu da İctimai Palatada vahid namizəd məsələsinin məhz AXCP-nin xeyrinə dəyişməsi ehtimalından irəli gəlir. Belə ki, İsa Qəmbər Müsavat başqanlığından gedəcəyi təqdirdə İctimai Palata daxilində onun mövqeyinin bir qədər zəifləyəcəyini düşünürlər. Belədə AXCP üzvləri və Müsavatda İsa Qəmbərin başqanlıqdan getməsində maraqlı olan qüvvələr vahid namizəd məsələsində yolun Əli Kərimli üçün açılacağı fikrindədirlər. Xatırladaq ki, hazırda İctimai Palatanın vahid namizədliyinin müəyyənləşdirilməsi olduqca çətindır. Belə ki, indilikdə həmin məsələnin çözülməsi aydın məsələdir ki, İctimai Palatanın dağılması prosesini daha da tezləşdirəcəkdir. Bu isə prezident seçkiləri ərəfəsi İctimai Palatada təmsil olunan qurumları heç də qane etmir. Ona görə də Müsavatla AXCP açıq şəkildə olmasa da, müxtəlif gizli priyomlarla çalışırlar ki, vahid namizəd məsələsində bir-birini sıradan çıxartsınlar və ya zəiflətsinlər. Məhz bu səbəbdən də Əli Kərimli Müsavatın qurultayının yaxın zamanlarda baş tutmasında maraqlı qüvvədir.

Siyasi şərhçi Cümşüd Nuriyev də vurğuladı ki, Müsavatın qurultayının tez keçirilməsində AXCP rəhbərliyi həqiqətən də maraqlıdır: "Ona görə ki, Əli Kərimli özünü müxalifətin vahid lideri qismində görmək istəyir. AXCP lideri hesab edir ki, İsa Qəmbərin başqanlıqdan getməsilə onun yerinə gələn şəxs imic qazanana qədər İctimai Palata məhz Əli Kərimlini vahid namizəd qismində görəcək. Əslində bu xaricdəki bəzi qüvvələrin planıdır. Qərb dövlətləri Əli Kərimlinin verdiyi sözlərə daha çox inanırlar. AXCP lideri 1995-ci ildə də dövlətimiz əleyhinə kifayət qədər işləyib. İsa Qəmbərin hazırda partiyaya rəhbər olaraq qalması isə hüquqi boşluqla bağlı olaraq yaranıb. Yəni nə qədər ki, partiyanın qurultayı keçirilməyibsə, İsa Qəmbər partiyanın sədri olaraq qalır. Qurultay olmadığından da onlar qanundakı sürüşkən məqamlardan istifadə edirlər. Bu səbəbdən də Müsavat başqanı qurultayın baş tutma vaxtının gecikməsində sözsüz ki, maraqlıdır. Belə bir gecikmədə ən çox maraqlı olan məhz İsa Qəmbərdir. Başqanlığa Arif Hacılı keçmək istəyir. İsa Qəmbər isə prosesi sakitliklə öz yerlilərindən birinə ötürməkdə maraqlıdır. Bu qarşıdurma da qurultayın keçirilməsini ləngidən məqamlardandır. Müsavatın qurultayının cari ildə baş tutacağı inandırıcı görünmür. İsa Qəmbər həmin tədbiri gələn ilin ortalarında keçirməklə özünün partiyanın vahid namizədi olaraq elan edilməsinə nail olmaq istəyir. Yəni 1998-ci ildəki ssenari yenə də olduğu kimi təkrar olunur".

R.QAÇAYOĞLU