Naməlum obyektlərin apokalipsis xəbərdarlığı?!

15 Noyabr 2012 11:55 (UTC+04:00)

Ta qədimdən bəri səmada uçan naməlum obyektlərin görünməsi barədə zaman-zaman fikirlər səslənib. Hələlik elmə məlum meteoroloji və ya astroloji hallarla izah edilə bilinməyən bu obyektlər Yer əhalisi arasında Uçan Naməlum Obyektlər (UNO) kimi tanınır. Son vaxtlar isə demək olar ki, dünyanın bir çox yerlərində həmin obyektlər daha intensiv olaraq görünməyə başlayıb.

Belə ki, cari ilin 7 iyun tarixində Azərbaycanın bütün ərazilərində müşahidə edilən UNO eyni zamanda İsrail, Fələstin Livan, Suriya və İran səmalarında da müşahidə olunmuşdu. Bu ilin 9 noyabr günü isə bir daha Göyçay rayonunun səmasını UNO qənaət edilən obyekt işıqlandırdı. Həmçinin onu da xatırlatmaq yerinə düşər ki, UNO - ların belə var - gəl etdiyi bir vaxtda bunu artıq apokalipsis hesab edilən 21 dekabr günü ilə də əlaqələndirənlər var. Elə ekspertlərin fikirləri də ziddiyyət təşkil edir.

Şamaxı Astrofizika Rəsədxanasının baş elmi işçisi, Bakı Dövlət Universitetinin (BDU) professoru Nəriman İsmayılov bildirir ki, camaatın səmada nəyisə görməsi uzun illəri əhatə edir: "Onlara da "uçan boşqab" və digər adlar veriblər.  Bunları, birisi boşqaba, biri siqara, biri kürəyə, biriləri də şüaya bənzədir. Yəni, həmin işığı hərə bir cür görür. Hətta bununla uzun müddət məşğul olduqlarına görə, ayrıca ufologiya deyilən bir istiqamət də inkişaf edib. Yəni, bu, Uçan Naməlum Obyektlərin tədqiqi, onların görünmə şəraiti, haradan, necə yarandığı barədə dəqiq öyrənən sahədir.  Amma qaldı ki, onların mahiyyətcə nə olmalarına, bunu demək olar ki, heç kəs bilmir. Çünki, belə demək olar ki, çox vaxt onu atmosfer hadisələri, müxtəlif mövqedən görünmə şəraiti ilə izah edirlər. Ona görə də həmin obyektlər haqqında hələlik elmə heçnə məlum deyil. Yəni, dəqiq elmi şəkildə məlumatı heç kəs verə də bilməz. Çünki, bu sahədə hələlik heç bir elmi nəticə yoxdur. Amma onların varlığının özü də şübhə altındadır".

Bu ilin 21 dekabr günü ilə UNO-ların bağlılığı məsələsinə gəldikdə isə professor bunların heç bir elmi əsası olmadığını qeyd etdi: "21 dekabr məsələsinin özü də heç bir elmi əsası olmayan, kimlərsə tərəfindən ortaya atılmış ideyadır. Bununla da əhali arasında çaxnaşma salaraq narahatçılıq yaradıblar. Məsələn, orada deyirlər ki, 21 dekabrda Günəş sıfır nöqtəsinə gələcək. Amma sıfır nöqtəsi deyilən bir anlayış yoxdur. Ola bilər ki, Günəşin Yerdən görünüşü qalaktika diskinin mərkəzi ilə üst - üstə düşə bilər.  O da müəyyən bir periodikliyə malikdir. Yəni, 36 il ərzində həmin diskin ətrafında Günəş yuxarı da, aşağı da ola bilir. Bu da adi, tez - tez baş verən bir hadisədir. "Planetlərin paradı" deyiləndə də burada uzağı 3 planet ola bilər. 8-i də düzülə bilməz. Düzülsə belə, onların müstəviləri müxtəlif bucaq altında olduğu üçün heç cür bir düz xətt üzərində olmayacaq. Yəni, bu, elmə tam zidd olan fikirlərdir".

Astroloq Firudin Qurbansoy isə tam əks mövqedədir. Onun sözlərinə görə, Uçan Naməlum Obyektlər həmişə olub və olacaq: "Çünki, bizim qalaktikada bizə bənzər təxminən 3 minə yaxın planet ola bilər. Bunların bəzilərində isə ehtimallara görə, texniki cəhətdən bizdən yüksək səviyyəli canlılardır. Çünki, biz hələlik yaxın planetlərlə əlaqə yarada bilmişik. Bu gün Merkuri, Yupiter, Saturn, Urana yaxın gedə bilməmişik. Yəni, Günəş sistemi tam öyrənilməyib. Həm də uzaq yerlərdən uçub gələn obyektlərin faktları var. Bugünkü texnikanın əksəriyyətində "uçan boşqab"larla əlaqədən istifadə edilir.  Bu da kütlədən gizli saxlanılan yüksək dairələrin işidir və bu, belə də olmalıdır. Hətta 1947 - ci ildə ABŞ-da "uçan boşqab" vurulmuşdu. Ondan texniki məlumatları yığmaqla da fizika, texnika elmləri yavaş-yavaş mənimsənilməyə başlanıldı".

Astroloqun fikrincə, UNO-larla ünsiyyət saxlamaq lazımdır: "Çünki, onlar Yer üzərinə kiməsə ziyan etmək üçün gəlmirlər. Necə ki, biz başqa planetlərə öyrənmək üçün gedirik, onlar da Yerə fayda məqsədi ilə gəlirlər. Çünki, Yerdə insan var. Odur ki, əgər bizim onlarla əlaqəmiz olsa, hər tərəfli xeyrini taparıq. Əlaqədə ola bilməsək, ziyanı ola bilər".