Siçanlara qarşı təmizlik işləri aparılır

15 Noyabr 2012 16:20 (UTC+04:00)
Movqe.Az bildirir ki, Dünyanın ən zəngin bioloji aləminə sahib olan Qalapaqos adaları siçanlardan qurtulmaq üçün böyük bir təmizliyə hazırlaşır. Tonlarla zəhərin istifadə edilməsi ilə aparılan təmizlikdə 180 milyon siçan öldürüləcək. Cənubi Amerika ölkəsi Ekvadordan 965 km uzaqda yerləşən Qalapaqos adaları, sayı yüz milyonu keçən siçanlarla mübarizə aparır. Ekvador hökuməti, adadakı eqzotik heyvanlara aid yumurtaları və balaları yeyən siçanları məhv etmək üçün 22 ton xüsusi hazırlanmış zəhər istifadə edəcək. Çarles Darvinin təkamül nəzəriyyəsi haqqında aparılan işlərdə əhəmiyyətli yer tutan 19 adanın təmizlənməsi üçün əsas məqsəd kənardan gələn siçanların kökünü kəsməkdir. İlk olaraq 1684-ci ildə piratların ayaq basdığı ​​ada, 17-ci əsrdən etibarən balina ovçularının və quldurların gəldiyi yer olub. Gəmilərin adaya gətirdikləri siçanlar, bu gün adada yaşayan nəhəng tısbağalara, kərtənkələlərə, şahinlərə və iquanalara ziyan verməyə davam edir. Bundan əlavə, siçanlar adaya məxsus heyvanların qidalandığı bitki örtüyünü də məhv edirlər.