Müəllim və həkimlərə şad xəbər
15 Noyabr 2012 17:11 (UTC+04:00)
2013-cü ilin dövlət büdcəsində həkimlərin, müəllimlərin
əməkhaqlarının artırılması nəzərdə tutulur. Movqe.Az-ın məlumatına
görə, bunu maliyyə naziri Samir Şərifov cümə axşamı Milli Məclisdə
2013-cü il və sonrakı üç il üçün dövlət büdcəsinin müzakirəsi
zamanı deyib.
"2004-cü ildən minimum aylıq əməkhaqlarının baza hissəsinin on
dəfədən çox artımı baş verib, həkim və müəllimlərin əməkhaqları 11
dəfə artırılıb. Gələn il də bu ənənə davam etdiriləcək və maaşlar
qaldırılacaq", - Şərifov bildirib.
Nazirin sözlərinə görə, sosial müdafiə bununla bitmir.
"Azərbaycanda möhtəşəm sosial layihələr həyata keçirilir, həyat
keyfiyyətinin yaxşılaşdırılması istiqamətində addımlar atılır, iş
şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlər görülür", -
Şərifov qeyd edib.
Onun sözlərinə görə, növbəti illərdə dünyadakı vəziyyət izləniləcək
və dövlət büdcəsinə neftin qiymətinə dair dəyişikliklər edilə
bilər.
"Lakin bizim hesablamalarımızla, dövlət büdcəsinin gəlirlər
hissəsinə dəyişikliklər gözlənilmir", - Şərifov deyib.
Nazir qeyd edib ki, son illər dövlət büdcəsi daha çox investisiya
yönümlü büdcə olub. "Artıq 2013-cü il büdcəsində əsaslı xərclər
45,8 faiz təşkil edir. Bununla belə, sosial xərclərdə heç bir
azalma baş verməyib, əksinə artım görünür", - Şərifov bildirib və
əlavə edib ki, uşaq baxçalarında ərzaq xərcləri də artırılıb.
"Tək Bakı şəhərində deyil, ölkənin bölgələrində də bu xərclər
artırılacaq. Bununla yanaşı, ayrılan vəsaitin istifadəsinə nəzarət
gücləndirilməlidir", - maliyyə naziri deyib.
Şərifov ölkədə şagird-müəllim nisbətinə də toxunub və bildirib ki,
Azərbaycanda 8 şagirdə 1 müəllim, Avropa ölkələrində isə 15 şagirdə
1 müəllim düşür.
"Bu səbəbdən müəllim sayının azaldılması vacibdir. Bu problem
səhiyyə sahəsində də mövcuddur. Buna görə də struktur islahatları
aparmalıyıq ki, vəsaitlər daha səmərəli istifadə olunsun", - nazir
əlavə edib.
Onun sözlərinə görə, dövlət büdcəsində ali təhsil xərclərinin
artması nəzərdə tutulub, çünki Nazirlər Kabineti dövlət sifarişi
ilə təhsil alan tələbələrin adambaşına maliyyələşmə xərclərinin
artırılması ilə bağlı qərar qəbul edib.