30 Noyabr 2011 10:26 (UTC+04:00)
Ermənistan Silahlı Qüvvələri və Dağlıq Qarabağdakı separatçı
rejimin silahlı birləşmələri son günlər cəbhə xəttindəki çoxsaylı
itkilərini təşviş yaratmamaq üçün ictimaiyyətdən gizlətməyə və
Azərbaycan Silahlı Qüvvələrinin itkilər verməsi barədə
dezinformasiyalar yaymağa çalışır.
Hərbi mənbələrdən APA-ya məlum olub ki, son bir həftə ərzində cəbhə
xəttinin bütün istiqamətləri üzrə atəşkəsi pozan Ermənistan
Ordusuna qarşı həyata keçirilmiş cavab tədbirləri nəticəsində qarşı
tərəf 8 hərbi qulluqçusunu itirib. Ermənilərin itkiləri onların öz
rabitə vasitələri ilə mərkəzə ötürdükləri məlumatlarda da
təsdiqlənib. Döyüşlərdə Azərbaycan Ordusunun 1 əsgəri şəhid olub və
Müdafiə Nazirliyi bunu ictimaiyyətə açıqlayıb.
"Təkcə noyabrın 19-da və 20-də, iki gün ərzində atəşkəsi pozan
Ermənistan Ordusunun iki əsgəri öldürülüb. Bu iki itkinin
Ermənistan ictimaiyyətində hansı təşvişə səbəb olduğunu elə
ermənilərin xəbər saytlarında da aydın görmək mümkündür. Sadəcə
olaraq Ermənistan tərəfi ənənəvi hərbi informasiya siyasətlərinə
uyğun olaraq kütləvi itkiləri gizlətməyə cəhd edir. Lazım gələrsə,
həmin əsgərlərin kimliyini də açıqlamaq çətin deyil. Bir faktı qeyd
edək ki, təkcə noyabrın 25-də bir saat ərzində cəbhədə 2 erməni
əsgəri öldürülüb. Onlardan birinin soyadı Arutunyandır. Ermənistan
QHT-ləri bu itkilər barədə məlumatı öz hərbi hospitallarından tələb
edə bilər", - deyə mənbə bildirib.
Ermənilərin itkiləri onların özlərinin atəşkəsin pozmaları
nəticəsində baş verib. Qarabağ cəbhəsinin müxtəlif istiqamətlərində
atəşkəsin pozulmasına cavab olaraq, Azərbaycan hərbçiləri təlimata
uyğun cavab tədbirləri həyata keçirib. Azərbaycan Ordusunun
əsgərlərinin sərrast atəşləri nəticəsində düşmənin aralarında zabit
və əsgər olmaqla ümumilikdə 8 hərbçi öldürülüb. Baş vermiş bu
hadisələr cəbhə xəttindəki erməni silahlı birləşmələrində təşviş
yaranmasına da səbəb olub. Yaranmış vəziyyəti aradan qaldırmaq və
əsgərlər arasında mənəvi-psixoloji durumu dəyişmək üçün qarşı tərəf
cəbhə xəttinə müqaviləli heyət və snayperlər yerləşdirib. Bundan
başqa, əsgərlərin postlarını tərk etməsinin qarşısını almaq üçün
arxa cəbhədə polis postları qoyulub.
"Yaxşı olardı ki, Ermənistan rəhbərliyi ölkənin müxtəlif
bölgələrindən gətirib işğal etdiyi Azərbaycan ərazilərində güllənin
altında qoyub, həyatını məhv etdiyi gənclərə görə xalqına cavab
versin. Bu il cəbhədə Ermənistan Ordusunun 100-dən çox əsgəri
öldürülüb. Bunların məsuliyyətini Sarkisyan və müdafiə naziri
Ohanyan daşıyır", - deyə mənbə əlavə edib.
Məlumata görə, Ermənistan Ordusunun Qarabağda və cəbhə xəttinin
digər istiqamətlərində dislokasiya olunmuş bölmələrinin şəxsi
heyəti arasında ruh düşkünlüyü artmaqdadır. Müxtəlif kanallar
vasitəsi ilə əldə edilmiş məlumatlara görə, müqaviləli heyət
arasında çoxları raport yazaraq xidmətdən imtina edir.
APA-ya məlumat verən mənbə onu da qeyd edib ki, son günlər Qarabağ
cəbhəsindəki erməni birliklərinin qeydə alınmış rabitə
danışıqlarından oradakı ermənistanlı və qarabağlı hərbçilər
arasında insidentlərin baş verməsi, ermənistanlı ermənilərin
bir-birlərinə müraciət edərək "qarabağlılar üçün ölməməyə
çağırdıqları" məlum olub.
Qeyd edək ki, son günlərdə baş verən hadisələrin ictimaiyyətdə
yaratdığı etirazı və təşvişi aradan qaldırmaq üçün Ermənistan
Müdafiə Nazirliyi bu quruma bağlı bir sıra - David Camalyan, Qrant
Məlik-Şahnazaryan, Artsrun Ovannisyan kimi "hərbi ekspertləri"
hərəkətə keçirib. Bu hərbi ekspertlər müxtəlif media orqanlarında
eyni ssenarili çıxışlarla Qarabağdakı itkilərini pərdələməyə və
ictimaiyyəti təşvişdən çıxarmağa çalışırlar.