Azərbaycanda nüvə reaktorunun inşası zərurətə çevrilir

19 Noyabr 2012 12:43 (UTC+04:00)

Məlumat verildyi kimi son illərdə ölkəmizdə xüsusi diqqət mərəkzəində olan məsələlərdən biri də tədqiqat nüvə reaktorunun tikintisi ilə bağlı olub. Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutu Beynəlxalq Atom Enerjisi Agentliyi ilə birgə bu istiqamətdə müəyyən addımlar da atıb. Lakin o da məlumdur ki, Azərbaycanda nüvə reaktorunun tikintisi ilə bağlı əsaslandırma layihəsinin hökumətə təqdim edilməsi təxirə salınıb. Layihənin bu il ərzində təqdim edilməsi nəzərdə tutulsa da, hökumətin tələbi olmadığından proses qeyri-müəyyən müddətə təxirə düşüb. Bununla belə İnstitutda belə hesab edirlər ki, Azərbaycana nüvə reaktorunun tikintisi vacibdir. Bəs indi nüvə reaktorunun inşası ilə bağlı mövcud vəziyyət nə yerdədir?

AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov məsələ ilə əlaqədar Mövqe.Az saytına açıqlama verib: "Azərbaycanda nüvə reaktorunun əsaslandırılması üzrə Atom Enerjisi Üzrə Beynəlxalq Agentliklə birgə layihə həyata keçirilib. Bu layihənin məqsədi o idi ki, Azərbaycanda nüvə reaktorunun yaranmasının həm iqtisadi, həm də ki, elmi əsaslandırılması həyata keçirilsin. Bu sahədə işlər aparılıb. Hesabat üçün materiallar Azərbaycan tərəfindən təqdim edilib. Yəqin ki, Atom Enerjisi Üzrə Beynəlxalq Agentlik bu hesabatı Azərbaycana bu ilin axrında təqdim edəcək. Amma nüvə reaktorunun tikilməsi haqqında heç bir sərəncam, dövlət qərarı yoxdur. Buna görə də Azərbaycanda nüvə reaktorunun tikilməsindən söhbət gedə bilməz. Biz yalnız bunun əsaslandırılması üzrə layihə aparırıq. Nüvə reaktoru və nüvə fizikası üzrə mütəxəssislər hazırlayırıq. Azərbaycanda nüvə reaktoru olmasa da başqa ölkələrdə olan reaktorlarda biz həmin elmi tədqiqat işlərini apara bilərik. Məlum olduğu kimi indi dünyada elmin qloballaşması gedir. Elm çoxlu kapital tutumlu texnoloji qurğuları tələb edir. Hər bir ölkə qurğunu özündə yaratmağa çalışmır. O da faktdır ki, belə qurğu dövlət üçün böyük strateji əhəmiyyətə malikdir. Güman edirəm ki, bunları nəzərə alıb bəlkə gələcəkdə hər hansısa bir qərar ola bilər."

Bunun Azərbaycana gətirdiyi dvidentlər nə olacaq?

Adil Qəribov bununla bağlı bildirir: "Bizim iyirmiyə yaxın kadrımız hazırlanır. Azərbaycanda tədqiqat nüvə reaktorunu sərbəst şəkildə işə sala bilən, kanallar üzrə tədqiqat işləri apara bilən gənc mütəxəssislərimiz var. Onlar BDU-nu, Azərbaycanın universitetlərini bitirmiş tələbələrdir. Bu gün 20-dən çox bizim cavan kadrlarımız var. Biz hesab edirik ki, Azərbaycan üçün bundan böyük qazanc yoxdur. Azərbaycan inkişaf etmiş ölkələrin sırasına daxil olmaq üçün uğurla addımlayır. Belə halda Azərbaycanın nüvə ölkəsi olması kimi bir imici mənimsəməsi mənə elə gəlir ki, lazımdır. Bu müharibə şəraitində olan ölkəmiz üçün vacibdir. Çünki üzdəniraq qonşulmuz, düşmənlərimiz əllərindən gələni edirlər ki, strateji nüvə dövləti olmağı mövqeyini əldən verməsinlər. Bu, dünyada böyük bir imicdir. İraqda olan bütün hadisələrə, müharibəyə baxsaq, ora asanlıqla hücum edildi. Asanlıqla dövlət çevrilişi edilidi. İran üçün isə belə edilmir. Ehtiyatlı olurlar. Çünki İranda nüvə obyektləri var. Ona görə hesab edirəm ki, strateji nöqteyi-nəzərdən Azərbaycanın nüvə ölkəsi olması məsələsini gələcəkdə həyata keçirə bilərik. Bunun üçün kadr bazamız var. Amma bu siyasi qərardır. Bunun üçün ölkə rəhbərliyinin qərarı olmalıdır. Nə vaxtsa belə bir qərar qəbul edilsə, biz onu icra etməyə hazırıq."