Azərbaycanlı məşqçi dünyanın ən yaxşısı seçilib

17 Noyabr 2012 11:47 (UTC+04:00)

Bolqarıstanın paytaxtı Sofiyada Beynəlxalq Güləş Federasiyası – FİLA-nın sərbəst güləş üzrə məşqçilər assosiasiyasının seminarı öz işinə başlayıb. Apasport.az saytının xəbərinə görə, tədbirdə FİLA prezidenti Rafael Martinetti və qurumun baş katibi Mişel Düsson da iştirak edir.

Məşqçiləri giriş sözü ilə salamlayan FİLA prezidenti seminarı bizlər üçün qürurverici hadisə ilə başladı - o sərbəst güləş üzrə yığma komandamızın böyük məşqçisi Firdovsi Umudova 2012-ci ildə dünyanın ən yaxşı məşqçisi üçün hazırlanan xüsusi kuboku, qızıl medalı və müvafiq sertifikatı təqdim etdi.

Məlumat üçün bildirək ki, FİLA-nın texniki komitəsi Beynəlxalq Federasiyanın məşqçilər assosiasiyasına üzv olan bütün məşqçilərin il ərzində fəaliyyətini diqqətlə izləyir və ilin yekununa əsasən dünyanın ən yaxşısını müəyyənləşdirir. 2008-ci ildən etibarən məşqçilər assosiasiyasının üzvü olan Firdovsi Umudov isə Azərbaycan sərbəst güləşçilərinin London Yay Olimpiya oyunlarında əldə etdiyi möhtəşəm uğurda böyük pay sahibi olduğu üçün bu mükafata layiq görülüb.