Azərbaycanın ABŞ-dakı səfirliyi Sendi qasırğasından zərər çəkənlərə yardım edib

20 Noyabr 2012 13:00 (UTC+04:00)

Azərbaycanın ABŞ-dakı səfirliyi "Sendi qasırğasının fəsadlarından əziyyət çəkən insanlar naminə həmrəylik" devizi altında ianə toplanması mərasimində iştirak edib.

Səfirlikdən APA-ya verilən məlumata görə, İndoneziyanın ABŞ-dakı səfirliyinin təşəbbüsü və müsəlman dövlətlərinin iştirakı ilə keçirilmiş tədbirə Azərbaycanla yanaşı, Türkiyə, Fələstin, İordaniya, Misir, İraq, Əfqanıstan, Tunis və Liviya səfirlikləri də qatılıb.

Mərasimdə Azərbaycan üçün ayrılmış guşədə ölkənin tarixini, mədəniyyətini tərənnüm edən fotolar, məlumat kitabçaları, eləcə də milli musiqi alətləri və milli geyimlər nümayiş etdirilib, milli mətbəx nümunələri təqdim olunub.

Tədbir zamanı iştirakçı dövlətlərin təqdim etdikləri incəsənət və xalçaçılıq nümunələrinin auksion yolu ilə satılmasından toplanılan vəsait Sendi qasırğasından əziyyət çəkmiş insanlar üçün ayrılmış xüsusi fonda köçürülüb.