Qafqaz uğrunda çarpışma səngimir

20 Noyabr 2012 11:42 (UTC+04:00)

ABŞ və Rusiya bölgə maraqları uğrunda hələ də böyük rəqabət aparılar

Azərbaycanın da yer aldığı Cənubi Qafqazın geosiyasi baxımdan hələ də kifayət qədər cəlbedici coğrafi məkan olması, bu region uğrunda son 20 ildə böyük nüfuz savaşının getməsi danılmaz həqiqətdir. Elə indinin özündə də region uğrunda bir tərəfdə ABŞ başda olmaqla Qərb, digər tərəfdə isə Rusiya dayanmaqla ciddi rəqabət müşahidə olunur.

Region ölkələri arasında yalnız Azərbaycan  bu geosiyasi çəkişmədə müstəqil siyasət yürüdərək məharətlə manevr edir. Ermənistan birmənalı şəkildə Rusiyanın, Gürcüstan isə indiyə qədər Qərbin diqtəsilə hərəkət edir. Qərb və Rusiyanın Qafqaz uğrunda çəkişməsinin və bunun nəticələrinin necə olacağı barədə isə müxtəlif fikirlər səslənir.

Nüfuzlu ABŞ diplomatı Con Beyrli məsələyə ABŞ və Rusiya arasında yenidən köklənmə, yaxud rusca "perezaqruzka", ingiliscə isə "reset" siyasəti prizmasından yanaşır.  Xatırladaq ki, 4 il əvvəl Ağ Evə yenicə sahiblənmiş Barak Obama ilə Kremlin o vaxtlar islahatçı təəssüratı yaradan rəhbəri Dmitri Medvedyevin timsalında ABŞ-Rusiya münasibətlərinin "yol xəritəsini" diplomatlar "perezaqruzka", yaxud "reset" ifadəsi ilə xarakterizə edirdilər.

Bu siyasətin müəlliflərindən olan Con Beyrli sözügedən siyasətin ona hələ də maraqlı göründüyünü, amma "şeytanın xırdalıqlarda olduğunu" deyir: "Xırdalıqlar konkret mövzuların müzakirəsi zamanı ortaya çıxır və hər yerdə olduğu kimi, burada da diplomatiya özünü göstərir - Məsələn, mən həm Gürcüstan-Rusiya qarşıdurması, həm də Qarabağ münaqişəsi ilə bağlı Moskvada rəsmilərlə tez-tez ünsiyyətdə olurdum. Bir çox aydın başa düşürük ki, fikir ayrılıqları kimi, əməkdaşlığı da diqtə edən bir çox səbəblər var - bircə qalır insanların niyyəti və nədən necə danışmaq maraqları" . 

Əslində, Qafqaz ABŞ-Rusiya "yenidən yüklənməsinin" həlledici cəbhəsi olmasa da, Vaşinqtondakı "Yaxın xaric" təəssübkeşləri geriyə boylandıqda, buraxılan səhvləri bir qayda olaraq belə təsvir edirlər: Obama administrasiyası nə Abxaziya məsələsində Gürcüstana yardımdan, nə də Şərqi Avropada radar sistemlərinin quraşdırılması kimi məsələlərdə geriyə addım atarkən, region ölkələrini Moskva ilə üz-üzə qoymaq təhlükəsini nəzərə almadı.

2008-2012-ci illərdə ABŞ-ın Rusiyada səfiri olaraq çalışmış cənab Beyrli bu mülahizə ilə razılaşmır və deyir ki, Vaşinqton hamı ilə daha çox əməkdaşlıq edə biləcəyi sahələrə diqqət ayırır, nəinki bilməyəcəyi: "Mahiyyətinə varıldıqda  yenidən yüklənmə "ayrıca siyasət yox, ikitərəfli münasibətləri daha konstruktiv etmək üçün cəhd idi".

Səfir Beyrliyə görə, yenidən yüklənmə "principcə, baş tutub", amma onun daha da dərinləşməsi üçün indi vətəndaş diplomatiyasına ehtiyac var. Konkret olaraq, amerikalılar və ruslara gəldikdə, diplomatın təbirincə, yaxşı olardı ki, hər iki xalq "eyni təyyarəyə bilet alsın", belə ki, bu halda axının əleyhinə uçmağa imkan olmayacaq: "Günü bu gün də rusların 64 faizi rəy sorğularında Amerikanı bədxah ölkə kimi gördüklərini deyirlər. Məncə, Vaşinqtonda administrasiya bu məsələyə ciddi yanaşmalıdır".

Amerikalı analitik Fil Donahue isə BBC-yə açıqlamasında isə qeyd edir: "Həm Moskvada, həm də Vaşinqtonda döyünən geniş ürəklər əməkdaşlığa can atırlar, nəinki ziddiyyətlərə. Təəssüf ki, yenidən yüklənmə son 4 ildə bizim aramızda etimadsızlığı azaltmadı. Amma yaxşı xəbər odur ki, indi ən azı növbəti 4 il üçün ümidlər hələ var".

Münasibətlərin konkret tərkibinə gəldikdə isə Vaşinqtonda qeyd olunur ki, indi gündəlikdəki ən təcili məsələ "Maqnitski qətnaməsi" adı ilə tanınan, Rusiya məmurlarına ABŞ-a girişi yasaqlayan qətnamənin ötən həftə Konqresdə qəbulundan Moskvada siyasi manipulyasiya mənbəyi kimi istifadəyə yol verməməkdir. Qafqaza gəldikdə, Vaşinqtonda diplomat və siyasətçilər bu regionda sabitliyin bərpası və xalqlararası dəyərlərin inkişafında ABŞ-la Rusiyanın "eyni maraqları bölüşdüyünü" vurğulayırlar.

Con Beyrli bildirir: "Mən əminəm ki, Vaşinqtonda, Moskvada, Tiflisdə olduğu kimi, Azərbaycanla Ermənistan paytaxtlarında da münasibətlərin normallaşmasında maraqlı olan qüvvələr var. Mən onları şəxsən müşahidə etmişəm və şadam ki, onlar çoxdurlar. Əsas məqsəd ölkələrin, rəhbərlikdə oturanların öz daxili səslərini dinləmələrinə nail olmaqdır".

Səməd CƏFƏROV