Avtobuslarda sərnişin sıxlığı böyük problemə çevrilir

21 Noyabr 2012 07:27 (UTC+04:00)

Məlum həqiqətdir ki, bu gün ölkəmiz üçün xarakterik olan problemlərdən biri də tıxac məsələsidir. Bunu bəzən müəyyən yolların təmiri və ya digər səbəblə bağlanmasında, bəzən hərəkət qaydalarının pozulmasında, bəzən də günün pik saatlarında görürük. Amma tıxac məsələsi tək bununla bitmir.

Belə deyək ki, bu gün ictimai nəqliyyatda avtomobil tıxacı ilə yanaşı sərnişin tıxacı da var. Yəni, hazırda ictimai nəqliyyatda icazə verilən sayda sərnişin daşıyan avtobus sürücüləri heç də buna əməl etmirlər. Halbuki ictimai nəqliyyatda istifadədə olan hər bir nəqliyyat vasitəsinin texniki xidmət sənədlərində nə qədər sərnişin daşıya bilməsi haqqında məlumatlar yerləşdirilib. Orada nəqliyyat vasitəsindən asılı olaraq həm əyləşərək, həm də ayaqüstə gedən sərnişinlərin sayı dəqiq rəqəmlərlə göstərilir. Bunu tək sənədlərdə yox, elə ictimai nəqliyyatda olan bir çox avtobusların daxilində qoyulmuş lövhələrdə də görmək mümkündür. Yerüstü sərnişindaşıma nəqliyyat vasitələrində yol verilən saydan artıq sərnişin daşımaq İnzibati Xətalar Məcəlləsinin 151.2 maddəsinə uyğun tənzimlənir və iyirmi manatdan qırx manatadək miqdarda cərimə edilir. Bundan başqa həmin qayda pozuntusu 3 balla da qiymətləndirilir.

Məsələ ilə əlaqədar Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədovun verdiyi məlumata görə, "Yol hərəkəti haqqında" qanunu tələbinə əsasən, oturacaq yerlərindən sayından artıq sərnişilərin daşınması inzibati məsuliyyət hesab edilir: "Bu istiqamətdə də Dövlət Yol Polisi müdəmadi olaraq tədbirlər həyata keçirir. Bu ilin əvvəlindən yəni, yanvar ayının 1- dən noyabrın 17-nə qədər yol hərəkətində təhlükəsizliyin təmin edilməsi məqsədi ilə yol patrul əməkdaşları 321 mindən atıq inzibati protokol tərtib edibsə, bunun sərnişindaşıma qaydalarının pozulmasına görə, 238-i məhz bu göstərilən xəta pozucularıdır".

Şöbə rəisi onu da bildirdi ki, bu gün xüsusilə ictimai nəqliyyat vasitələrində olan yol qəza hadisələrində daşınan sərnişinlərin xəsarət və ya ölüm hallarının çoxalması məhz sürücülərin nizam - intizamsızlığı ilə bağlıdır: "Lakin hər gün də ictimai nəqliyyat vasitələrini idarə edən sürücülər arasında nizam - intizamın yüksəldilməsi və kobud yol hərəkət qaydalarına yol verilməməsi istiqamətində həm yol polisi, həm də nəqliyyat nazirliyi birgə tədbirləri həyata keçirir".

Vaqif Əsədov qeyd etdi ki, ictimai nəqliyyatda yol verilən saydan artıq sərnişin daşımaya görə cərimə, səlahiyyəti olan şəxsin tərtib etdiyi inzibati protokola uyğun olur: "Yəni, sərnişindaşıma qaydalarının pozulması həm balla, həm də müəyyən məbləğdə pulla cərimələnə bilər. Amma il ərzində 4 - cü dəfə sərnişindaşıma qaydalarının pozulmasına yol verən sürücü sürücülük hüququndan məhrum edilir".

"Müstəqil Nəqliyyatçılar" Məsləhət və İnformasiya İctimai Birliyinin sədri Natiq Ələkbərovun sözlərinə görə, bu gün ictimai nəqliyyat sərnişinə görə azdır: "Bunun da aradan qaldırması dəmir yol nəqliyyatını yenidən bərqərar etməklə mümkündür. Əvvəllər Bakıətrafı yerlərdə elektrik qatarı xətləri var idi. Onlardan da intensiv istifadə olunurdu. Daşımanın da müəyyən hissəsini öz üzərinə götürürdü. Amma indi şəhər ətrafı elektrik qatarları işləmədiyinə görə, bütün daşımalar avtobusların və taksilərin üzərində dayanıb. Amma bu gün şəhər daxilində metro nəqliyyatı var. Lakin iş burasındadır ki, ümumiyyətlə, planlaşdırılmış sərnişindaşıma üzrə nəqliyyat sistemi sərnişin axını ilə hələ müəyyən qədər uzlaşmır. Bu gün sərnişindaşımada nəqliyyatın planlaşdırılmasında sərnişin axını və hərəkət intensivliyi, eyni zamanda küçələrin nəqliyyat vasitələrini buraxmaq qabiliyyəti az nəzərə alınır. Bu da tıxacların və eyni zamanda nəqliyyatın hərəkətində ləngimələrin yaranmasına səbəb olur ki, sərnişinlər müəyyən istiqamətdə yığılıb çoxalır. Ona görə də sıxlıq əməl gəlir. Bundan başqa şəhərdə demək olar ki, bütün tərəfdən sərnişin axını eyni vaxtda başlayır. Bu da nəqliyyat avtobuslarının sərnişinlə çox yüklənməsinə səbəb olur".