Siyasət Söyün Sadıqov kimilərin yeri deyil

21 Noyabr 2012 07:55 (UTC+04:00)

Söyün Sadıqov xarizmatik və ciddi persona deyil ki, onun antihakimiyyət və təhdidvari fikirlərinə ciddi əhəmiyyət verəsən. Bunu millət vəkili Zahid Oruc Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının (ÜATİ) təsisçilərindən olan rusiyalı iş adamı Söyün Sadıqovun tanınmış kinodramaturq Rüstəm İbrahimbəyovun müdafiəsinə yönəlik və Azərbaycan hakimiyyətinə təhdid bəyanatına münasibətini bildirərkən dilə gətirib.

Millət vəkili bildirib ki, Söyün Sadıqov əgər Gürcüstanda baş vermiş hakimiyyət dəyişikliyindən ruhlanaraq bu cür antidövlət və antiiqtidar fikirlər səsləndirirsə sonucda gözləntilərinin əksinə olaraq ciddi uğurlar əldə edə bilməyəcək:

"Ümumiyyətlə, bu aralıq dövrdə ondan istifadə edilməsi, onun ortaya atılması nəticə etibarilə həmin şəxsin özünə qarşı, onun siyasi varlığına qarşı yönəlmiş olacaq. Yaxşı olar ki, Söyün Sadıqov bildiyi işlərdən və məsələlərdən danışsın. Siyasətə baş vurmasın. Siyasət onun kimilərin yeri deyil".