Uşaq oyuncaqları ilə bağlı böyük problem üzə çıxır

21 Noyabr 2012 10:03 (UTC+04:00)

Bir neçə gün öncə yolumu şəhərdəki uşaq mağazalarından birinə saldım. Şəhərin ən gözəl uşaq mağazalarından biri idi. İçəridə olmayan oyuncaq yox idi. Bir anlıq özümü sehrli aləmdə hiss etdim. Burada bütün nağıl qəhrəmanları, kino ulduzları, heyvanların obrazlarını özündə əks etdirən oyuncaqlara rast gəlmək mümkün idi.

Vitrinləri bir-bir gəzdim. İstədiyimi tapa bilmədim. Çünki mənə Tık-tık xanımın, Cırtdanın obrazları lazım idi. Amma onları burada görə bilmədim. Mağazanın xanım satıcısına yaxınlaşıb dərdimi açdım. Sualımızı bir anlıq təəccüblə qarşıladı. Dedi ki, belə oyuncaqlar istehsal olunmur. Dünyanın bir çox ölkələrinin aparıcı uşaq oyuncaqları müəssisələrilə əməkdaşlıq etdiklərini deyən satıcı əlavə etdi ki, Azərbaycanda oyuncaq hazırlayan müəssisələr, fabriklər olmadığından xaricdən məhsul almağa üstünlük verirlər.

"Bu gün daha çox hansı oyuncaqlar alınır" sualına isə xanım satıcı belə cavab verdi: "Barbi kuklalaları, "Hörümcək adam", "Betmən", "Sindirella", "Maşa və Medved", "Şirinlər", "Kalyo", "Şrek", "Supermən", "İvanuşka", "Mikki Maus", "Çəhrayı Pantera" kimi oyuncaqlar çox satılır".

Bu qədər siyahının içində bircə dənə də olsun milli nağıl qəhrəmanlarının adlarına rast gəlmədik. Bundan başqa satışda olan oyuncaqların əksəriyyətinin keyfiyyət nişanı yoxdur. Əsasən Çin istehsalı olan belə oyuncaqlar uşaqların sağlamlığı üçün də təhlükə yaradır.

Standartlaşdırma Meteorologiya və Patent üzrə Dövlət Komitəsi bildirir ki, oyuncaqlar məcburi sertifikatlaşdırma məhslları sırasına aiddi. Dövlət Komitəsi tərəfindən icazəsi olan şirkətlər ölkəyə uşaq oyuncaqları gətirə bilərlər. Ölkəyə oyuncaq gətirmək istəyən şirkətlər Dövlət Komitəsinə müraciət etməli və icazə almalıdır.

Oyuncaq seçərkən onların keyfiyyətilə yanaşı uşağın psixoloji təsirlərinə də diqqət yetirmək lazımdır. Uşaq psixoloqları oyuncaq seçimilə bağlı valideynlərə aşağıdakıları məsləhət bilirlər.

Uşağın yaşı nəzərə alınmalıdır, uşağa zərər verməyəcək oyuncaqlar seçilməlidir, kimyəvi boyalardan istifadə olunaraq hazırlanan oyuncaqlardan istifadə olunmamalıdır, azyaşlı uşağa kiçik hissələrə parçalana bilən oyuncaq vermək olmaz, iti kənarları olan oyuncaqlardan uzaq durmaq lazımdır, tez çirkləndiyi üçün tüklü oyuncaqlar da doğru seçim deyil və s.

Azərbaycanın nağıl qəhrəmanlarının obrazlarını özündə ehtiva edən oyuncaqların olmamasının səbəblərinə aydınlıq gətirmək üçün Uşaqları Müdafiə Təşkilatının rəhbəri Yusif Bəkirovla söhbətləşdik. Onun sözlərinə görə, bu gün uşaqların dünyası qloballaşıb: "Sovet dövründə biz "Nu poqadi"yə baxa-baxa böyümüşük. Bu gün isə "Tom və Cerri" və adlarını bilmədiyim bir sıra cizgi filmləri uşaqların formalaşmasında mühüm rol oynayır. Uşaqlar üçün dəyərlər universallaşıb. Milli oyuncaqların yaranması məsələsi çox çətindir. Bunun arxasında biznes maraqları da dayanır. İş adamları tələbatı nəzərə alaraq məhsul istehsal edirlər. Bizim az sayda nağıl qəhrəmanlarımız var. Onlara görə, sex açıb məhsul istehsal etmək o qədər də effektli olmayacaq. Uşaq oyuncaqlarının istehsalı üzrə ixtisaslaşmış müəssisələr mövcuddur və bütün dünyada məşhurdular. Bizim həmin müəssisələrlə rəqabət aparmaq imkanlarımız yoxdur. Mədəniyyət və Turizm Nazirliyi xarici ölkələrdə olan uşaq oyuncağı istehsal edən müəssisəyə müəyyən sifarişlər verməklə yerli tələbatı ödəyə bilər. Bundan ötrü ölkədə ayrıca istehsal müəssisəsinin yaradılmasına, zənnimcə, ehtiyac yoxdur. Hətta Türkiyə kimi dövlətin də uşaqların sevimlisi olacaq nağıl qəhrəmanları yoxdur".