“İran Arazın suyunu Urmiya gölünə axıtmaq istəyirsə, bunu müzakirə etməlidir”

21 Noyabr 2012 18:11 (UTC+04:00)
Movqe.Az-ın xəbərinə görə, bu açıqlamanı jurnalistlərə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov verib.
O bildirib ki, ölkələrlə aparılan müzakirə nəticəsində hansısa yekdil, bağlanmış qərarlara uyğun hansısa qərar qəbul edilə bilər. Nazirin sözlərinə görə, Azərbaycanın bu məsələ ilə bağlı İranla müəyyən bir müqaviləsi var: "Müqavilədə bir qayda olaraq ekoloji norma saxlanılır. Suyun çayda qalmasının öz bioloji həyatı var və hər bir ölkə ordan hansı ehtiyaclar üçün su götürə biləcəyini müəyyənləşdirilib. Bundan əlavə, müqavilədə gələcəkdə çayın üzərində hansı qurğuların qurula bilməsi, bu prosesin hansı prinsiplərə əsaslanmalı olduğu, ölkələrlə hansı prinsiplərin razılaşdırılması öz əksini tapıb".
Hüseyn Bağırov qeyd edib ki, əgər danışıqlar olarsa, Azərbaycan hökumətinə rəsmi müraciət edilərsə, məsələnin ekoloji cəhətləri ilə yanaşı, siyasi, iqtisadi tərəfləri də kompleks şəkildə təhlil oluna bilər. Nazirin fikrincə, yalnız bundan sonra hər kəsi qane edən yekun nəticəyə gəlmək olar.