“Qafqaz qartalı” düşmənə gözdağı verir

27 Noyabr 2012 11:18 (UTC+04:00)

Məlumat verildiyi kimi Türkiyə, Azərbaycan və Gürcüstan "Qafqaz qartalı" adlı birgə hərbi təlimlərə start verib. Birgə təlimlər dekabrın 3-nə qədər davam edəcək. Qeyd edək ki, son dövrlər Qafqaz sanki bir hərbi təlimlər meydanına çevrilib. Belə ki, bir müddət əvvəl Rusiya Şimal Qafqazda, daha doğrusu, Azərbaycanla sərhəd Dağıstan ərazisində hərbi təlimlər keçirmişdi. Bundan başqa məlumatlara görə Moskva indinin özündə də həmin bölgəyə çoxsaylı hərbi qüvvə cəmləşdirməklə məşğuldur.

Eyni zamanda işğalçı Ermənistan da hərbi təlimlərə yer verir. Onlar hətta utanmadan işğal etdikləri Dağlıq Qarabağ ərazisində də bu tip fəaliyyətdə bulunurlar. Belə bir ərəfədə Ankara, Tiflis və Bakı da birgə hərbi təlimlər keçirir. Görəsən, üç ölkənin bu təlimləri nəyə xidmət edir? Regionda cərəyan edən son proseslər fonunda həmin təlimlərin nə kimi əhəmiyyəti vardır?

Milli Məclisin Analitik-İnformasiya Şöbəsinin müdiri Aydın Ağayev bildirdi ki, Azərbaycan, Türkiyə və Gürcüstan ordularının birgə əlaqələrinin nəzərdən keçirilməsi baxımından həmin hərbi təlimin böyük əhəmiyyəti vardır: "Azərbaycan, Türkiyə və Gürcüstanın birgə hərbi təlimlər keçirməsi olduqca vacib və əhəmiyyətli addımdır. Bölgəmizdə Ermənistan ordusu bizə düşmən bir ordudur. Erməni ordusu isə iki şəraitdə hərbi təlimlər keçirməyə nail olur. Bir tərəfdən onlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində hərbi təlimlərə xüsusi yer verir. Digər tərəfdən isə qondarma Dağlıq Qarabağ ərazisində həmin ad altında olsa da, Ermənistan silahlı qüvvələri hərbi təlimlər keçirlər. Ermənistan bu istiqamətdə bəzən hansısa xarici dövlətlə əlaqədə də iş görür və bunu nümayişkərana şəkildə görürlər. Ermənilərin həyasızlığı o həddə çatıb ki, onlar hərbi təlimlərini Azərbaycanın işğal olunmuş ərazilərində keçirirlər. Təəssüf ki, dünya da buna sakitcə baxır. Əslində, normalda ermənilərin bu addımı böyük rezonans, etiraz doğurmalı idi. Azərbaycanın bildiyimiz kimi, Türkiyə ilə hərbi-texniki əlaqələri var. Həmçinin iki qardaş ölkə arasında birgə hərbi təlimlər keçirmək sahəsində də təşəbbüslər vardır və bu olduqca lazımdır. Gürcüstana gəldikdə, Bakıdan bu ölkə vasitəsilə Türkiyəyə keçən infrastruktur layihələrinin mühafizəsi üçün daxili işlər nazirlikləri arasında razılaşma vardı. Rusiya isə son zamanlar Şimali Qafqazda nümayişkəranə şəkildə bu səpkili məsələlərə baş vurmağa başlayıb. Xəzər dənizində də o, müəyyən hərbi donanma aktivliyi nümayiş etdirir. Bütün bunlar indiki şəraitdə gözə dəyən məsələlərdir. Bu mənada yaşadığımız bölgə artıq həssas, maraqların toqquşduğu bölgəyə çevrilib. Azərbaycandan danışılarkən deyilir ki, o sürətlə silahlanır. Ermənistandan danışılarkən isə Rusiyanın bu ölkəyə çoxlu miqdarda silah-sursat verdiyi söylənilir. Belə bir şəraitdə nədən Azərbaycan Türkiyə və Gürcüstanla birgə hərbi təlimlər keçirməsin. Üç ölkə ordusunun birgə əlaqələrinin bir daha nəzərdən keçirilməsi mənasında həmin hərbi təlimlərin böyük əhəmiyyəti vardır".

Digər politoloq Qabil Hüseynli isə bu qənaətdədir ki, Türkiyə, Azərbaycan və Gürcüstanın birgə hərbi təlimləri Rusiya ilə Ermənistanın anoloji təlimlərinə yönəlik bir cavabdır: "Son zamanlar Cənubi Qafqaz üçün ciddi təhdidlər yaranıb. Bu regionda Rusiya özünün silahlı qüvvələrini artırır. O həm Şimali Qafqaz bölgəsi, həm də Xəzər dənizi sahillərində öz silahlı qüvvələrini artırır. Bundan başqa Rusiya açıq şəkildə TANAP və "Transxəzər" qaz kəməri layihəsini təhdid edir və həmin kəmərlərin çəkilməsinə narazı olduğunu bildirir. Qəbələ RLS-i məsələsindəki anlaşılmazlıq da Rusiyanın bölgədə aktivləşməsinə rəvac verir. Bütün bunlar onu göstərir ki, Rusiyanın təhdidləri Türkiyə, Gürcüstan və Azərbaycan da olmaqla hər üç ölkəni eyni zamanda təhlükə altına alır. Bunu nəzərə alaraq üç ölkənin silahlı qüvvələri birgə hərbi təlimlər həyata keçirir. Ona görə də həmin təlimlərin keçirilməsini ən düzgün qərar hesab edirəm. Üç ölkənin birgə hərbi təlimlərinin çəkindirici gücü böyükdür. Ən azından Rusiya üçün çəkindirici gücü böyükdür. Moskva birdən-birə bu üç ölkə ilə baş-başa gəlsə, onun öz daxilində ciddi proseslər başlaya bilər. Həm də Türkiyə NATO ölkəsi olduğundan dünyanın diqqətini bu proseslərə cəlb edə bilər. Sözün həqiqi mənasında, Rusiya və Ermənistan üçün sözügedən hərbi təlimlərin böyük düşündürücü gücü vardır".