Konservasiyalı becərmə Aran fermerləri üçün mütərəqqi üsuldur

29 Noyabr 2012 18:45 (UTC+04:00)
Aqro İnformasiya Mərkəzinin (AİM) həyata keçirdiyi kənd yerlərində "İqlim Dəyişmələrinə Uyğunlaşma" layihəsinin əsas məqsədlərindən biri, yararsız torpaqların Konservasiyalı Kənd Təsərrüfatı (KKT) texnologiyalarının tətbiqi ilə bərpasıdır. KKT torpağın şum edilməsinin azaldılması və ya şum edilmənin sıfra endirilməsinə əsaslanır. Bu prosesin həyata keçirilməsi, torpaq münbitliyinin yaxşılaşması ilə yanaşı istixana qazlarının (su buxarı, karbon dioksid, metan) atmosferə buxarlanmasının azalması və torpaqlarda artmış karbonun (C) udulması müşahidə edilir. Hazırda Ağcabədi, Beyləqan və Zərdab rayonlarında 2010-cu ildən 18 kəndə 95 fermerlə 90.30 ha sahədə KKT texnologiyaları tətbiq edilir.
Bu gün Ağcabədi rayonunun Qiyamaddınlı kəndində təşkil edilmiş, KKT-nin faydalarına həsr edilmiş tədbirdə bu becərmə üsülunun son 3 ildə fermerlərə verdiyi fayda barədə məlumat verilmiş, şumsuz əkin sahələri nümayiş etdirilmişdir. Tədbirdə Elmi-tədqiqat institutlarının alimləri, Aqrar Universitetin tələbələri, fermerlər, icra orqanları və aqrar sahədə fəaliyyət göstərən təşkilatların nümayəndələri iştirak edib.
Tədbirdə iştirak edən Aqro İnformasiya Mərkəzinin (AİM) sədri Fazil Cəfərov KKT-nin bölgə üçün üstünlüklərindən danışarkən bildirib ki, 3 il əvvəl konservasiyalı becərmə üçün az münbit, bəzi yerlərdə hətta şorakətliyə meylli torpaq sahələri seçilib: "Artıq əlimizdə müsbət nəticələri var. Laborator analizlərlə əldə edilmiş nəticələr göstərir ki, KKT tətbiq edilən sahələrdə 3 il müddətində humusun miqdarı 6-7% artıb. Bundan əlavə, həm istehsal xərclərinin azalması, həm də məhsuldarlığın artması hesabına fermerlərin gəlirləri bir neçə dəfə artıb." Konservasiyalı becərmədə xərclərin azalmasına toxunan təlimatçı ekspert Zülfü İsmayılov nəticələrin əhəmiyyətli dərəcədə olduğunu bildirib: "Su sərfi təxminən 20-30%, toxum sərfi 35-40% (bəzi bitkilər üzrə 50%) azalmış, becərmə xərclərinə 35-40% qənaət edilmişdir. 1 ha üçün yanacaq sərfi 3.3 dəfə (70 %) azalıb."
KKT-nin ətraf mühitə müsbət təsirinə gəlincə Z.İsmayılov bildirib ki, yanacağın azalması xərclərin azalmasına birbaşa təsir göstərməsi ilə yanaşı, ağır texnikanın sahəyə daha az girməsi ilə həm texnikanın təsiri ilə torpağın daha az kipləşmiş, həm də işçi qüvvəsinə qənaət olunub. Lakin bu sahədə ətraf mühitə ən böyük təsir texnikanın az işlənməsi ilə atmosferə buraxılan zərərli qazların azaldılması olub. Belə ki, ilkin hesablamalara görə, KKT-də bir mövsüm ərzində 1 ha taxıl sahəsi üzrə sərf olunan yanacağın orta miqdarı ənənəvi əkin sahəsi ilə müqayisədə 71.2 % azalıb. Belə ki, texnikanın işləməsi ilə 100 ha əkin sahəsi üzrə atmosferə buraxılan karbon dioksidin (CO2) miqdarı 14.874 ton azalıb."
Tədbirdə bildirilmişdir ki, əldə olunan uğurlar konservasiyalı becərmə üsulunun daha geniş ərazidə indən sonra da tətbiq edilməsinə əsas verir.