Milli Təhlükəsizlik Nazirliyinin son bir ay ərzində həyata keçirdiyi əməliyyatlar ölkədə qanlı aksiyalar keçirmək niyyətində olan şəxslərin zərərsizləşdirilməsi ilə nəticələndi. Verilən açıqlamalardan və aparılan araşdırmalardan isə o da məlum olur ki, ölkəmizdə terror aktları törətmək istəyənlər vəhhabi təriqətinə malik şəxslərdir. Eyni zamanda onların bir qisminin əsas himayədarı və maliyyə sponsoru, həmçinin silah təchizatçısı qismində isə qonşu İran çıxış edir.
Ekspertlər hesab edir ki, radikal dindarlar və onların himayədarı olan dövlətlər bundan sonra da anti-Azərbaycan fəaliyyətlərini davam etdirməyə çalışacaqlar. Bu isə o deməkdir ki, Azərbaycanın müvafiq dövlət strukturları hələ belə təhlükəli qrup və şəxsləri zərərsizləşdirməkdə davam edəcəklər.
Digər tərəfdən bunu şərtləndirən əsas səbəblərdən biri ümumiyyətlə radikal dindarların Qafqaza maraqlarını artan xətt üzrə inkişaf etməsidir. Vaşinqtonda mənzillənən "Carnegie" Qlobal Araşdırmalar Mərkəzinin əməkdaşı Bayram Balcı da qeyd edir ki, Qafqazda siyasi dəyişikliklər, sosial- iqtisadi problemlər və regional təhdidlər fonunda son illər bölgə bəzi islamçı təriqətlər üçün cəlbedici məkana çevrilib. Onun sözlərinə görə, hətta Türkiyədə mənzillənən İslamçı hərəkatlar, xüsusən Nəqşbəndi Sufi və Səid Nursinin adlarına bağlı təriqətlər region ölkələrinə, o cümlədən də Azərbaycana təsir göstərməyə çalışırlar: "Onlar getdikləri ölkədə mümkün qədər geniş qüvvələr toplayır, təşkilatlanır və möhkəmlənirlər".
Onun müşahidələrinə görə, xüsusilə İslamın sünni qanadını təmsil edən azərbaycanlılar arasında Türkiyədən idarə olunan dini təriqətlər geniş nüfuza malikdir.
Azərbaycanla yanaşı, Gürcüstan da İslamçı türk təriqətləri üçün yeni məkana çevrilib.
Cənab Balçı bunu xüsusilə Acarıstan vilayətinin Osmanlı İmperiyası ilə tarixi dini bağları ilə əlaqələndirir. Ancaq bu gün Tiflisdə də türk təriqətləri fəaliyyət göstərə bilirlər. Lakin türk islamçılarına regiona, eləcə də Azərbaycana hər hansı ciddi təhdid yoxdur. Əsas təhlükə mənbəyi vəhhabilərdən ibarət radikal dini qruplaşmalardan gəlir.
Bundan əvvəl də fondda "Qafqazda Siyasi İslam" adlı konfransda Bayram Balcı Türkiyə və İranın Cənubi Qafqazda dini sferada rəqabət apardığını bildirib. O, Azərbaycanda xaricdən qaynaqlanan üç başlıca dini cərəyanın - Türkiyə mənşəli süni təsisatları, iranlı şiə ayətullahların moizələri və vəhhabilərin mövcudluğunu qeyd edib. Cənab Balcı Türkiyədən qaynaqlanan cərəyanın həm rəsmi, həm də qeyri-rəsmi platformalarda təmsil olunduğunu bildirib. Türkiyəli ekspert cənub qonşumuzun dini zəmində Azərbaycanda mövqelərini gücləndirməyə çalışdığını diqqətə çatdırıb. Rusiyalı ekspert Aleksey Malaşenko Şimali Qafqazda güclənən islamçı cərəyan barədə həyəcan təbili çalıb. Onun sözlərinə görə, bir vaxtlar keçmiş Sovet məkanında ateizmin dayanıqlı olduğu deyilirdi və regionun ərəb ölkələrindən fərqliliyi vurğulanırdı. Amma Dağıstan, İnquşetiya və Kabardino-Balkar regionlarında şəriətin az qala Rusiya dövlət qanunlarını əvəzlədiyini önə çəkən Malaşenko Şimali Qafqazın Rusiyanın yerdə qalan hissəsindən radikal şəkildə fərqləndiyini bildirib. Onun sözlərinə görə, sərt İslam etiketi bu regionda ayaq açıb və artıq bir çox sosial müstəvilərdə özünü aşkar şəkildə büruzə verir. Buna misal olaraq, cənab Malaşenko mədrəsələrin geniş yayılmasını, qadınların çadraya bürünməsini və bir çox mağazalarda spirtli içkilərin qadağan edilməsini göstərib. Rusiyalı ekspert Şimali Qafqazdakı durumun pessimizm doğurduğunu qeyd edərək, Kremlin situasiyanın öhdəsindən gəlmək imkanlarını sual altına alıb.
Konkret Azərbaycana gəlincə, xatırladaq ki, son günlər radikal dindarların ölkəmizdə fəallaşmağa çalışması aydın müşahidə edilir. Elə bu səbəbdən onlara qarşı müvafiq dövlət strukturları tərəfindən vaxtında və səmərəli tədbirlər görülür.
Radikal dindarların fəallığının yüksəlməsində İran amilinin az rol oynamadığı isə məlum həqiqətdir. Ekspertlər bildirir ki, Azərbaycan tərəfi bir qayda olaraq, zaman-zaman İran xüsusi xidmət orqanlarının Azərbaycanda hazırladıqları terror aktlarını qabaqcadan müəyyən edir və qabaqlayıcı tədbirlər görür. Onların fikrincə, İranla Qərb arasında münasibətlər kəskinləşdikcə İran xüsusi xidmət orqanlarının fəaliyyəti də daha açıq və aqressiv xarakter alacaq. Lakin onlar həm də Azərbaycan xüsusi xidmət orqanlarının Azərbaycanın təhlükəsizliyi üçün qabaqlayıcı tədbirlər görmək məqsədilə faydalı məlumatları vaxtında topladığı qənaətindədir. Həqiqətən də Azərbaycan xüsusi xidmət orqanlarının topladığı qabaqlayıcı məlumatlar sayəsində son illər çoxsaylı terror aktlarının qarşısı alınıb. Təbii ki, bu işdə Azərbaycanın müttəfiqləri də yaxından kömək edir. Ekspertlər Azərbaycanın müttəfiqlərinin bu sahədə fəaliyyətini daha da gücləndirməsini vacib sayırlar.
Səməd CƏFƏROV