"Suriya rəhbərliyi Annan planını pozdu"

20 Aprel 2012 12:02 (UTC+04:00)
Suriya rəhbərliyi Kofi Annanın sülh planını yerinə yetirə bilməyib. Bunu BMT-nin baş katibi Pan Gi Mun bəyan edib. Onun sözlərinə görə, Suriya rəhbərliyi nümayişçilərə atəş açmağı dayandırmayıb, hərbi qüvvələri şəhər və kəndlərdən geri çəkməyib, bununla da BMT və Ərəb Ölkələri Liqasının xüsusi səfiri Kofi Annanın münaqişənin sülh yolu ilə həlli planını uğursuzluğa düçar edib.
"Lakin vəziyyətin yaxşılaşdırılması şansı hələ də var". Pan Gi Mun bildirib ki, vəziyyəti yaxşılaşdırmaq üçün BMT müşahidəçilərinin Suriyada missiyasının müddətini 3 ayadək uzatmaq və müşahidəçilərin sayını 300-dək artırmaq lazımdır. Xatırladaq ki, daha əvvəl Dəməşq ölkəyə 250 BMT müşahidəçisinin gəlməsinə razılıq vermişdi. Bu arada, Fransanın paytaxtı Parisdə dünən "Suriyanın dostları" adlı növbəti beynəlxalq görüş keçiriləcək. Görüşdə 14 ölkənin xarici siyasət rəhbərləri Suriya rəhbərliyinin atəşkəs rejiminə necə əməl etməsi müzakirə olunacaq. Bundan əvvəlki "Suriyanın dostları" konfransları isə Tunis və Türkiyədə baş tutmuşdu.