Azərbaycan böyük həcmdə qızıl ehtiyatı yaradır
20 Aprel 2012 13:33 (UTC+04:00)
Dünya bazarlarında qızılın sürətlə bahalaşması və hazırda bir
unsiyasının 1650 dolları keçməsi sözügedən qiymətli metala olan
marağın daha da artmasına səbəb olub. İnvestorlar əvvəlki
dövrlərdən fərqli olaraq indi qızıla daha böyük həcmdə sərmayə
yatırmaqdadırlar. Eləcə də dünyanın ən böyük qızıl ehtiyatı
cəmləşdirən ölkələri kimi tanınan ABŞ, bəzi Avropa ölkələri, Rusiya
və Çin də bu metala yüz milyonlarla dollar həcmində sərmayələr
yatırmaqdadırlar.
Artıq Azərbaycan da həm daxili ehtiyatlar, həm də dünya
bazarlarından böyük həcmdə qeyd edilən nəcib metalın alışı hesabına
böyük həcmdə qızıl ehtiyatı yaratmaqdadır. Məlumdur ki,
Azərbaycanda qiymətli metalların hasilatı və emalı sahəsində
istismar işləri davam etdirilir. "R.V.İnvestment Group Services,
LLC USA" şirkətinin Gədəbəy qızıl filiz yatağında apardığı işlər
nəticəsində xeyli miqdarda qızıl və gümüş istehsal edilib. Rəsmi
məlumata görə, hasilat dövrü başladıqdan indiyədək Azərbaycanın
payı olaraq 513,6 kq qızıl (999,9 əyarlı) saxlanması üçün Mərkəzi
Banka təhvil verilib. Azərbaycanın qızıl yataqlarının işlənməsi
üzrə "R.V.İnvestment Group Services, LLC USA" şirkətilə bağladığı
saziş əsasında Qoşa (Tovuz rayonu) yatağında kəşfiyyat işləri başa
çatdırılıb.
2012-ci ilin ilk üç ayı ərzində ölkədə 309,1 kq qızıl istehsal
edilib. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin
2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında
ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov isə bildirib
ki, Azərbaycan qızıl istehsal edən ölkələr sırasına çıxıb və son
illərdə artıq 4,5 ton qızıl emal olunub. Nazir onu da bildirib ki,
hazırda Daşkəsən rayonu ərazisində Çovdar qızıl yatağında istismara
hazırlıq və zavod tikintisi işləri başa çatdırılmaq üzrədir. Cari
ilin sonunadək Gədəbəy və Çovdar qızıl yataqlarından birlikdə 7,5
ton qızılın çıxarılması proqnozlaşdırılır.
H.Bağırov deyib ki, geoloqlarımızın səyləri nəticəsində son iki
ildə Göygöl rayonunda yeni Tülallar qızıl yatağı aşkarlanıb, 80 ton
qızıl, 290 ton gümüş ehtiyatı hesablanıb. Hazırda yataq istismar
işlərinə hazırlanır. Daşkəsən rayonunda Qoşqardağ-Çanaqçı qızıl
yatağı aşkarlanmış və 20 ton qızıl ehtiyatları proqnozlaşdırılıb.
Onun sözlərinə görə, Şəmkir rayonu ərazisində ölkədə ilk dəfə
platin qrupu metalları müəyyənləşdirilib və yataq aşkarlanıb.
Proqnoz ehtiyatları 50 ton hesablanmış yataqda geoloji
qiymətləndirmə işləri aparılır.
Beləliklə, göründüyü kimi daxili ehtiyatlar hesabına Azərbaycan
yaxın perspektivdə böyük miqdarda qızıl ehtiyatı toplaya biləcək.
Bununla yanaşı, qeyd olunduğu kimi dünya bazarlarından da qızıl
alınır. Xatırladaq ki, cari ilin əvvəllərindən etibarən Dövlət Neft
Fondu investisiya portfelinin diversifikasiyası və gəlirliliyinin
artırılması məqsədi ilə qızıla investisiya etməyə başlayıb. Ölkə
prezidentinin 2011-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiq
edilmiş Neft Fondunun İnvestisiya Siyasətinə əsasən, 2012-ci il
ərzində fondun investisiya portfelinin məcmu dəyərinin 5%-ə qədəri
qızıla investisiya edilə bilər.
Bu məqsədlə 1 fevral 2012-ci il tarixindən etibarən London Qiymətli
Metallar Bazarı İştirakçılarının Assosiasiyasının market-meyker
üzvü olan banklardan həmin qurum tərəfindən tətbiq edilən tələblərə
uyğun olan qızıl külçələrin alışına başlanılıb. 1987-ci ildən
fəaliyyət göstərən London Qiymətli Metallar Bazarı İştirakçılarının
Assosiasiyası Londonun qızıl və gümüş külçələr bazarındakı
beynəlxalq bankları, istehsalçıları, daşıma və saflaşdırma
şirkətlərini əhatə edir. 2012-ci ilin ilk rübü ərzində Dövlət Neft
Fondunun aldığı qızılın miqdarı 2 ton 804 kq (90 143 unsiya) təşkil
edib. Beləliklə, daxili ehtiyatlar və dünya bazarlarından alınan
nəcib metal sayəsində bu gün Azərbaycanın qızıl ehtiyatının 3,5
tona çatmaq üzrə olduğunu demək olar. Lakin yaxın tezlikdə bu
rəqəmin artacağı və hətta ilin sonuna kimi 10 tona qədər çata
bilməsi istisna edilmir. Bu həm də Azərbaycanı qızıldan daha çox
gəlir əldə etməsini şərtləndirən amillərdən birinə çevriləcək.
Çünki qızılın qiyməti son illərdə yalnız artımla müşayiət olunub.
Dünyanın 3-cü ən böyük qızıl istehsalçısı olan "AngloGold Ashanti"
şirkətinin direktoru Mark Kutifani bildirir ki, cari ilin sonuna
qədər dünya bazarlarında bir unsiya qızılın qiyməti 2 min dollara
qədər bahalaşa bilər. Onun sözlərinə görə, dünyanın əsas qızıl
alıcılarından olan Çin və Hindistan daha çox qızıl satın almağa
başlayıblar: "Bu isə yaxın tarixlərdə qızılın qiymətinin
yüksəlməsinə gətirib çıxaracaq". Bahalaşma prosesini, dollarla
yanaşı, avro da sürətləndirir. Avronun məzənnəsinin düşməsi
Yunanıstanda baş verən iqtisadi böhran, eləcə də bu böhranın
Yunanıstandan Avropa İttifaqı və ya avro bölgəsi digər ölkələrə
keçməsilə bağlıdır. Təbii ki, Yunanıstanda iqtisadi iflasla
yaşananlar avrozonanın digər ölkələrində də bu narahatlığın yaşana
biləcəyilə bağlı müəyyən narahatlıqlara gətirib çıxarıb. Bu da
investorların avroya olan inam və marağının azalmasına qızıla daha
iri həcmdə sərmayə yatırılmasına səbəb olub.
Səməd CƏFƏROV