Qadınların problemi: dəri çatlarından qurtulmaq üçün... - YOLLAR

7 Sentyabr 2018 12:49 (UTC+04:00)

Qadınlarda ən çox yayılan estetik problemlərdən biri də dəri çatlarıdır. Yalnız uşaq dünyaya gətirən qadınlarda deyil, yetkinlik dövründə həddindən artıq çəki alıb-verən gənc qızlarda belə, rast gəlinən problemdir. Bu narahatlıq daha çox yayda istirahət zamanı dənizə gedən xanımlarda diskomfort hissi yaradır, kompleksə səbəb olur. Türkiyəli estetik, plastik cərrah Fatih Dağdelen yay mövsümü başlamazdan əvvəl dəri çatları ilə mübarizədən bəhs edib.

 

Movqe.az lent.az-a istinadən bildirir ki, uzmanın çatların müalicəsi haqqında məsləhətlərini təqdim edir.

 

Həkim bildirir ki, dəri çatlaqları hamiləlik, yetkinlik dövründə nizamsız çəki alıb-vermək, hormon müalicəsi zamanı və ya bəzi dərmanların yan təsiri olaraq ortaya çıxa bilər. Dəri çatları bədəndə həddindən artıq yağ toplanan sahələrdə yaranır. Bu səbəbdən də əsasən qarın, baldır, omba, sinə, üst qollar və kürək bölgəsində meydana çıxır. Xüsusilə hamiləlik dövründə qadınların böyük əksəriyyətində dəri çatları yaranır: "Dəri çatlarının müalicəsində istifadə edilən ən məşhur üsul fraksional lazerdir. Fraksional lazer müalicəsi ilə təxminən üç seansa şikayətçini məmnun edən nəticələr əldə edilir. Bu müalicə üsulu ilə dərinin həm epiderma deyilən üst, həm də dermis deyilən alt təbəqəsinə təsir etmək mümkündür. Fraksional lazer müalicəsində lazer şüası dərinin üst təbəqəsindən keçir və dermisə qədər irəliləyir. Çatlaq sahələrdə mikroskopik yaralar meydana gəlir və bu sahələrdə yeni kollagen və epidermisin yaranmasını təmin edir. Bütün dəri çatlarında, xüsusilə ağ və deformasiya olanlarda fraksional lazerlə 50%  yaxşılaşma təmin edilir. Seanslar 6 həftə arayla tətbiq olunmalıdır".

 

Platelet Rich Plasma (PRP) müalicəsi

 

Uzman dəri çatlarının müalicəsində Platelet Rich Plasma (PRP) müalicəsinin də effektli olduğunu qeyd edir. PRP üsulunda xəstədən alınan qan nümunəsi bəzi əməliyyatlardan keçirildikdən sonra qırmızı qan hüceyrələri ilə ağ qan hüceyrələri bir-birindən ayrılır: "Yerdə qalan zəngin serum xəstənin çatlaqları üzərinə mezoterapiya iynələri vasitəsilə inyeksiya edilir. Beləliklə, xəstənin öz qanından hazırlanan serum ilə dərinin kollagen istehsalı və toxuma yenilənməsi artırılır. Lazerin dəstəyi ilə həyata keçirilən PRP tətbiqi ay yarımda bir neçə seans olaraq həyata keçirilir. PRP müalicəsi ilə dəri çatlarında olduqca müvəffəqiyyətli nəticələr alınır".

 

Karboksiterapiya müalicəsi

 

Dəri çatları karboksiterapiya müalicəsi ilə də bərpa edilir. Karbon qazı müalicəsi dəri altına inyeksiya vasitəsilə toxumadakı regional maddələr mübadiləsinin sürətləndirilməsi əməliyyatıdır. Müalicə sürətli, rahat və son dərəcə təsirli, cərrahiyyə müdaxiləsi olmayan bir üsuldur. Çatları yox edərək, bədənin köhnə hamar halına dönməsini təmin edir.

 

Fatih Dağdelenin sözlərinə görə, bütün bu üsullar çatların müalicəsi ilə yanaşı, sellülit müalicəsində, bütün bədəndə dəri zəifliyi və sallanmalarının aradan qaldırılmasında da istifadə olunur və müvəffəqiyyətli nəticələr əldə edilir.