Təhsil naziri dərsliklərlə bağlı mühüm tapşırıqlar verdi

20 Aprel 2012 13:36 (UTC+04:00)
Təhsil naziri Misir Mərdanov dərsliklərin hazırlanması və çapı ilə əlaqədar nəşriyyat-poliqrafiya müəssisələrinə, eləcə də digər müvafiq qurumlara tapşırıqlar verib. Misir Mərdanov 2012-2013-cü tədris ilinə ümumtəhsil məktəblərinin I və V sinifləri üçün dərslik komplektlərinin hazırlanması və çapına dair tender öncəsi keçirmiş iclasda bildirib ki, müvafiq sahədəki müəyyən problemlərə görə istər nəşriyyat-poliqrafiya müəssisələri və onların seçdiyi müəlliflər, istərsə də Dərslikləri Qiymətləndirmə Şurası və onun ekspertləri məsuliyyət daşıyır.
Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin məsuliyyətinin artırılmasından danışan Misir Mərdanov ekspertlərin seçimi, onların işinin səmərəli təşkili, dərsliklərin vaxtında çap olunub yerlərə çatdırılmasının diqqətdə saxlanılmasının zəruriliyini bildirib.
Nazir əlavə edib ki, nəşriyyat-poliqrafiya müəssisələri dərsliklərin keyfiyyətini artırmalı, tərtibatı yaxşılaşdırmalı, redaktə və korrektə işini gücləndirməli, ekspertlərin işinə mane olmamalı, Dərslikləri Qiymətləndirmə Şurasının qərarlarına hörmətlə yanaşmalıdırlar.
Nazir həmçinin Dərslikləri Qiymətləndirmə Şurasının fəaliyyətinin daha da artırılmasının, şuranın hər bir üzvünün çıxarılan qərarlarda öz məsuliyyətini dərk etməsinin, onların qiymətləndirmədə yaxından iştirak edərək ekspertlərə elmi və praktik kömək göstərməsinin vacibliyinə toxunub.
Mərdanov qeyd edib ki, Dərslikləri Qiymətləndirmə Şurası ekspertlərinin tərkibində dəyişikliklər aparılmalı, yeni üzvlər qəbul edilməli və onlar müəyyən kurslardan keçirilməlidirlər.
Təhsil naziri 2012-2013-cü tədris ilinə ümumtəhsil məktəblərinin I və V sinifləri üçün dərslik komplektlərinin hazırlanıb çap olunması ilə bağlı 13 nəşriyyat-poliqrafiya müəssisəsinin Tender Komissiyasına müraciət etdiyini deyib. Nazir "Dərsliklərin qiymətləndirilməsi meyarları"na yenidən baxıldığını, müvafiq təkliflər nəzərə alınaraq təkmilləşdirildiyini və Dərslikləri Qiymətləndirmə Şurasının təqdimatı əsasında təsdiq edildiyini bildirib.