«Xristian qardaşlığı» Qarabağ münaqişəsinin həllini əngəlləyir

2 May 2016 10:54 (UTC+04:00)

Azərbaycan-Ermənistan cəbhəsində gərignlik davam edir. Ermənilər son bir nçə gündür xüsusilə mülki əhalini, yaşayış məntəqələrini atəşə tuturlar. Düşmənin ağır artilleriya zərbələri nəticəsində Ağdam, Tərtərdə dağılan evlərin sayı artır. Bundan başqa, mülki əhalidən ölənlər də var. Bunların da hamısı konkret videogörüntülərdə öz əksini tapıb. Ancaq yenə də beynəlxalq qurumlar tamaşaçı mövqe tutublar. BMT, xüsusi ilə də prosesə birbaşa cavabdehlik daşıyan ATƏT-in Minsk qrupu Ermənistana qarşı konkret addımlar atmır. Bütün bunlar isə ikili standartın növbəti nümunəsi kimi dəyərləndirilir.

Millət vəkili Elman Nəsirli bildirdi ki, artıq 3 gündən çoxdur qoşunların təmas xəttində Azərbaycanın mülki əhalisi, yaşayış məntəqələri Ermənistan silahlı qüvvələrinin hücumuna məruz qalır: "Düşmən tərəfindən ağır artilleriyadan istifadə edilməklə dinc əhali hədəfə götürülür. Bunlar bütün beynəlxalq hüquq prinsiplərinə ziddir. Müharibənin qanunları var, onlar da beynəlxalq hüquqla tənzimlənir. Bununla bağlı Cenevrə Konvensiyası, Cenevrə Konvensiyasına əlavə edilib. Hökumət obyektləri, hərbi qurğular istisna olmaqla mülki obyektlərin hədəfə seçilməsi tamamilə qadağandır. Ancaq Ermənistan növbəti dəfə beynəlxalq hüquq prinsiplərini ayaq altına almış oldu.

Təəssüf ki, onların bu cinayətlərinə qarşı beynəlxalq birlik müşahidəçi mövqeyi tutub və heç bir addım atmır. Biz gözləyirdik ki, indiki vəziyyətdə mülki əhalinin hədəfə alınmasına beynəlxalq təşkilatlar dərhal reaksiya verəcəklər. Xüsusi ilə də bu, ATƏT-in Minsk qrupunun missiyasına birbaşa daxil olan məsələdir. Amma təəssüf ki, həmsədrlik edən ölkələrin ayrı-ayrı qurumlarından vəziyyətin gərginləşməsi ilə bağlı ənənəvi, ümumi yanaşmaların şahidi oluruq. Digər beynəlxalq təşkilatlar da susqunluq nümayiş etdirirlər. Bu, birbaşa ikili standartların növbəti bariz ifadəsidir. Prezidentin ictimai siyais məsələlər üzrə köməkçisi Əli Həsənov da məsələyə yaxşı toxunaraq qeyd etdi ki, sanki bu məsələ ilə bağlı "xristian qardaşlığı" nümayiş etdirilir. Bu da çox təhlükəli tendensiyasıdır. Münaqişəyə dini nöqteyi-nəzərdən yanaşmaq ikili standartların ağlasığmaz səviyyədə göstəricisidir. Ona görə də yaranmış vəziyyətdə Azərbaycanın müvafiq qurumları beynəlxalq ictimaiyyəti daima məlumatlandırır. Geniş ərazidə Azərbaycanın adekvat addımlar atacağını və bu halda yalnız və yalnız düşmənin hərbi obyektlərini hədəfə alacağını bildirilib. Bununla bağlı bütün məsuliyyətin Ermənistan üzərinə düşəcəyini və eyni zamanda prosesləri susqun vəziyyətdə izləyən beynəlxalq birliyin üzərinə məsuliyyət düşəcəyini açıqlamışıq. Artıq elə bir məqam çatıb ki, əməli addımlara keçilməli, Ermənistana qarşı konkret addımlar atılmalıdır. Əgər bu baş verməsə, münaqişənin donu açılandan sonra onu yenidən dondurmaq ən qəliz məsələyə çevriləcək. Elə bir an gəlib çatıb ki, münaqişəsinin həlli ilə bağlı son dərəcə qətiyyətli addımlar atmaq lazımdır. Əks halda hadisələr ən gözlənilməz ssenari üzrə inkişaf edə bilər".

Digər politoloq Vüqar Zifəroğlu bildirir ki, ümumiyyətlə, problem yaranandan bəri erməni tərəfi mülki əhalini həmişə hədəf alıb: "Bütün xəbərdarlığa, beynəlxalq reaksiyalara rəğmən, Ermənistan adekvat reaksiya sərgiləmir. Aqressiyalı şəkildə öz fəaliyyətlərini davam etdirirlər. ATƏT-in Minsk qrupunun reaksiyasını gözləyirik. Rusiya guya "canıyananlıqla" reaksiya verdi. Bununla da proseslərdə daha aktiv rol almağa çalışır. Biz isə ən azında Rusiyanın adekvat reaksiyanı gözləyirik. Amma nəticə o oldu ki, həmsədrlər konkret, ünvanlı reaksiya vermirlər.

Verilən açıqlamaların hamısı ümumidir – biz hərb yolunu görmürük, Dağlıq Qarabağ problemi yalnız sülh yolu ilə həll edilməlidir. Biz razıyıq, amma qarşı tərəf sülh yolu ilə həllə razı deyil. ATƏT-in Minsk qrupu konrekt addımlar atmalıdır. Əks təqdirdə hərb yolundan başqa alternativ variant qalmır. Qondarma rejimin rəhbərliyi açıq şəkildə deyir ki, heç bir rayonun boşaldılması və Azərbaycana qaytarılması müzakirə predmeti deyil. Bu, o deməkdir ki, danışıqlar effekt vermir və perspektivi də yoxdur. Yəni, problemi uzadılması düşmən tərəfinin xeyrinə işləyir. Onu da nəzərə alaq ki, Minsk qrupu Qarabağ probleminə həmişə öz maraqları çərçivəsindən baxıb. Bunlardan obyektiv münasibət gösləyiriksə, bir neçə il də gözləməli olacağıq. Təşəbbüsü Azərbaycan özü öz əlinə almalıdır. Bunun artıq zamanı yetişib, həm də bu, sosial sifarişdir".