Bələdiyyələr yeni iqtisadi formasiya qədəm qoymalıdır.

2 May 2016 11:22 (UTC+04:00)

İlk Bələdiyyə seçkilərinin keçirilməsindən bizi 16 ilə yaxın vaxt ayırır. Yerli özünü idarəçilik təcrübəsi 100 illərlə olan xarici ölkə bələdiyyələri ilə müqayisədə 16 il elədə uzun müddət olmasada, bələdiyyələrin təşkilatlanması və inkişaf edə bilməsi baxımından az müddət deyil. Təəssüf ki, bu gün Azərbaycan cəmiyyətinin nəzərində bələdiyyə deyərkən yol çəkən, təmizlik və abadlıq işləri aparmalı olan qurum obrazı formalaşmışdır. Halbuki, bələdiyyə orqanları yerli iqtisadi inkişaf proqramlarının qəbulu və icrası kimi geniş fəaliyyət sahəsinə malikdirlər. 

    Bütövlükdə bələdiyyələrin fəaliyyəti analiz edildikdə bu qənaətə gəlmək olur ki, artıq bələdiyyələrin keyfiyyətcə "yeni iqtisadi formasiyaya" qədəm qoyma vaxtı gəlmişdir. Gəlirlərinin əsas hissəsini torpaq alqı-satqısı və yerli vergilərdən daxil olmalar təşkil edən bələdiyyələr əllərində olan geniş imkanlardan səmərəli istifadə etməyə nail ola bilsələr büdcə gəlirlərinin həcmini əhəmiyyətli dərəcədə yüksəldə bilərlər. 

       Yeni mərhələdə bələdiyyə idarəetməsində müasir texnologiyalar mənimsənilməli, yeni maliyyə qaynaqları əldə edilməli və bələdiyyələrin təkmilləşməsi istiqamətində tədbirlər görülməlidir.

     Bütün bunları həyata keçirmək üçün bələdiyyələrin qarşısında həll edilməsi vacib olan 4 məsələ durur. 

1. Peşəkar kadr potensialının formalaşması..

2. Maddi resursların təmini.

3. Beynəlxalq təcrübənin öyrənilməsi.

4. Müasir idarəçilik qaydalarının tətbiqi.

    Bələdiyyələrin inkişafı yerli problemlərin həll tapması ilə yanaşı həmdə inkişaf etmiş bələdiyyə demokratik dəyərlərin meyardır, bələdiyyələr vətəndaş cəmiyyəti quruculuğunun göstəricisi və demokratiyanın ölçü vahididir. Bələdiyyələrin inkişafı yerli problemlərin həlli və ölkəmizin müsbət imici baxımından vacibdir. Bunun görədə bələdiyyələr sağlam iqtisadi inkişaf yolunu keçməli və maddi-texniki bazalarını möhkəmləndirməlidirlər. 

        Amma inkişaf üçün təkcə maliyyənin təmini yetərli deyil. Bu reallıqdır ki, bələdiyyələrin maddi ehtiyacı təmin olunsa belə əldə edilmiş vəsaitin idarə olunmasında müasir idarəlçilik biliklərinə yiyələnmiş peşəkar kadrların yetişməsinə ehtiyac var. Yalnız peşəkar kadr potensialını formalaşdırdıqdan sonra bələdiyyələrin təkmilləşməsinə və iqtisadi cəhətdən inkişafına nail olmaq mümkündür.

     Bələdiyyələrin "yeni iqtisadi formasiya" qədəm qoymaqları üçün iqtisadi proqramlar qəbul edilməli, bələdiyyə mülkiyyətlərində olan torpaq sahələrində bələdiyyə təsərrüfatları yaradılmalı, kommersiya müəssisələri, idarə və təşkilatlar təşkil edilməlidir. 

     Yeni iqtisadi formasiya təkcə bələdiyyələrin formalaşması demək deyil, bu proses həmdə regionların dirçəlməsi, sakinlərin həyat səviyyəsinin yüksəlməsi və ölkəmizin sosial iqtisadi inkişafı baxımından önəmlidir. Nəzərə alsaq ki, bələdiyyələr tərəfindən yeni sənaye müəssisələrinin yaradılması ölkəmizdə yeni iş yerlərinin açılması və işsizlik səviyyəsinin aşağı düşməsi deməkdir, bu zaman bələdiyyələrin yeni iqtisadi formasiaya qədəm qoymasının əhəmiyyəti aydın olur. Lakin  bələdiyyələrimizin bir çoxunun hazırki, maddi durumu onların iqtisadi fəaliyyətlə məşğul olmalarına imkan vermir. 

        Əslində problem həll edilməz həddə deyil və bələdiyyələrin maliyyə problemlərini yeni maliyyə mənbələrinin əldə edilməsi hesabına həll etmək  mümkündür. Problemin mövcudluğu bütün cəmiyyətimizi narahat edəcək səviyyədə olması problemin həllində təkcə bələdiyyə nümayəndələri tərəfindən deyil həmçini dövlət qrumlarının, müstəqil iqtisadçıların, iqtisadi araşdırma mərkəzlərinin, ictimai birliklərin bələdiyyə gəlirlərinin artırılması və yeni maliyyə mənbələrinin əldə edilməsi istiqamətində xüsusi proqram və təkliflərin irəli sürülməsinə bələdiyyələrin ehtiyac vardır.

            Bələdiyyələrin maliyyə mənbələri əsəsən sabit gəlirlər (vergilər) və kommersiya xarakerli mənbələr olaraq iki kateqoriyaya bölünür. Bu gəlirləri aşağıdakı mənbələrdən formalaşadırmaq olar:

1. Bank kreditlərin verilməsi:

Malliyyə yetərsizliyi səbəbindən iqtisadi fəaliyyətlə məşğul olması mümkün olmadığından bələdiyyələrin biznes layihələrinə kreditlər ayırmaqla problemi həll etmək mümkündür.

    Bələdiyyə kreditlərinin ayrılması aşağıdakı formalarda mümkündür.

• Banklar tərəfindən bələdiyyələrə  münasib şərtlərlə xüsusi kredit paketləri təklif olunsun.

• Bələdiyyə kreditləri verən xüsusi bank yaradılsın.

• Bankardan biri sırf bələdiyyə kreditləri üzrə ixtisaslaşsın.

• Dövlət tərəfindən bələdiyyələrin götürdükləri kreditlər sığortalanaraq zəmanət verilsin.

2. Kredit verən və yaxud qrand ayıran fondun yaradılması: 

   Bələdiyyələrin iqtisadi fəaliyyətlərinə dəstək olmaq və təşviq etmək məqsədiylə dövlət tərəfindən xüsusi fondun təsis edilməsi zərurəti yaranmışdır. Belə bir fondun yaranması bələdiyyələrin uğurlu layihələrinin kreditlər və yaxud qrandlar vasitəsiylə maliyyələşməsini təmin edə bilər.

• Kredit vermək:

      Bələdiyyələrin biznes fəaliyyətiylə məşğul olmaqları və bizneslərinin inkişaf etdirməkləri üçün kreditlərə ehtiyacları vardır. Dövlət tərəfindən sırf  bələdiyyə biznesinə kreditlər verəcək fondunun yaradılması bələdiyyə sektorunda bir ilk olsada biznes sahəsində ilk deyil. Nümunə olaraq Sahibkarlığa dəstək fondununu qeyd etmek olar. Yaradılcaq fond vasitəsiylə bələdiyyələrə aşağı faizlərlə uzun müddətli kreditlər ayrılması mümkündür.

• Qrandlar ayırmaq:

   Fondun bir digər funkiyası isə bələdiyyələrin uğurlu biznes layhələrinə qrandlar ayırmaq ola bilər.Nümunə kimi QHT fondu, Gənclər fondu və elm fondunu göstərmək yerinə düşərdi.Bu fond bələdiyyələrin uğurlu biznes layihələrini qrandlarla maliyyələşdirə bilər. 

3. Hüquqi şəxslər yaratmaqla: 

     Qanuna uyğun olaraq bələdiyyələr təsərrüfat fəaliyyəti ilə və qanunvericiliklə qadağan edilməmiş başqa fəaliyyətlə məşğul olmaq üçün müstəqil hüquqi şəxslər, MMC-lər və digər müəssisələr təsis etməklə biznes sektoruna daxil ola bilərlər. MMC-lərin təsis edilməsi ilə bələdiyyələrin kreditləşmə problemini arada qaldırılması mümkündür.

4. Bələdiyyələrin iqtisadi ittifaqları yaradıla bilər:

    Bələdiyyələrin  öz fəaliyyətini əlaqələndirmək, hüquq və mənafelərini daha səmərəli həyata keçirmək məqsədilə ittifaqlar yaradmaq hüquqları qanunla tanınır. Bələdiyyələr iqtisadi fəaliyyətlərini daha səmərəli həyata keçirmək üçün iqtisadi ittifaqlara yaradaraq birlikdə hərəkət edə bilərlər. 

5. Bələdiyyələrin əməkdaşlığı:

     Bələdiyyələr ərazilərinin kompleks sosial-iqtisadi inkişafına nail olmaq üçün yerli bələdiyyələr arasında işgüzar əlaqələrin güclənməsinə çalışmalıdırlar. Əlaqələrin qurulması və möhkəmlənməsində qanunla qadağan olunmaayan bütün vasitə və metodlardan yararlanılmalıdır. İqtisadi fəaliyyətinin qurulması istiqamətində konfransları keçirilməli və araşdırmalar aparılmalıdır.

6. Bələdiyyələrin şəhər, qəsəbə və kənd Assosasiyalarının rolu:

      Azərbaycanda bütün şəhər, qəsəbə və kənd bələdiyylərini özündə birləşdirən 3 milli bələdiyyə assosasiya yaradılmışdır. Bələdiyyələrin arasında əlaqələrin qurulmasında bu assosasiyaların üzərinə mühüm vəzifə düşür.  Məsələn böyük şəhər bələdiyyələri region bələdiyyələri ilə işgüzar münasibətlər quraraq bölgə bələdiyyələrinin təşkilatçılığı ilə kənd təsərüfatı məhsullarının böyük şəhərlərə ixracı və yaxud şəhər bələdiyyələri tərəfindən bölgələrimizdə turizmin inkişafına yönəlik layihələr həyata keçirilə bilər. 

7. Beynəlxalq əlaqələrin qurulması: 

    Bələdiyyələrin xarici ölkə bələdiyyələri ilə işgüzar əlaqələr quraraq ölkəmizə kapital qoyuluşu və yaxud birgə layihələrin həyata keçirilməsi qanuna zidd deyil. Bələdiyyələrin Statusu haqqında Azərbaycan Respublikasının qanuna əsasən bələdiyyələr və bələdiyyələrin assosiasiyaları müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla xarici dövlətlərin yerli özünüidarəetmə orqanları ilə əməkdaşlıq haqqında müqavilələr bağlaya və yerli özünüidarəetmə orqanlarının ixtisaslaşdırılmış təşkilatlarına üzv ola bilərlər.

     Qeyd edim ki, Azərbaycanda bir çox bələdiyyə 28 ölkənin 1103 bələdiyyəsini özündə birləşdirən "Türk Dünyası Bələdiyyələr Birliyinin" üzvüdür. Beynəlxalq təşkilat olan bu birliyin geniş imkanlarından istifadə etməklə bələdiyyələrimiz beynəlxalq aləmə çıxış əldə etmək imkanı qazanmışlar. 

      İkinci  nümunə bələdiyyələrimizin xarici ölkə bələdiyyələri ilə qardaşlamış bələdiyyələr istiqamətində əlaqələrin qurulmasıdır. Qardaşlaşmış bələdiyyələr beynəlxalq əlaqələrin xüsusi formasıdır. Bələdiyyələrimizin bu əlaqələrdən yararlanaraq yeni maliyyə qaynaqlarının əldə etmək imkanları vardır.

8. Hüquqi şəxslərdən torpaq və əmlak vergisi:

    Bələdiyyənin torpaq və əmlak vergisini bələdiyyə ərazisində yaşayan və fəaliyyət göstərən fiziki şəxslərin və fiziki sahibkarların torpaq və əmlak vergiləri təşkil edir. Hüquqi şəxslər bələdiyyənin ərazisində fəaliyyət göstərsələrdə torpaq və əmlak vergiləri bələdiyyə büdcəsinə ödənilmir. Yaxın gələcəkdə hüquqi şəxslərin torpaq və əmlak vergilərinin bələdiyyə büdcəsinə ödənilməsi təmin edilərsə bələdiyyələ gəlirlərinin nəzərə çarpacaq dərəcədə artmasına səbəb ola bilər.

9. Dövlətin, fiziki və hüquqi şəxslərin, maliyyə yardımları və qrantları:  

     Qanunvericiliyə əsasən bələdiyyə büdcəsinin formalaşmasında dövlət bələdiyyə mülkiyyətini müdafiə edir, subsidiyalar, kreditlər, qrantlar verir. Eyni zamanda bələdiyyələr layihələrinin maliyyələşdirilməsinə hüquqi və fiziki şəxslərin könüllü birdəfəlik ödənişlərinə cəlb etmək hüququna malikdir.