Azərbaycan prezidenti: “Bizdə olan məlumata görə, həmsədr ölkələr tərəfindən Ermənistana ciddi təzyiqlər göstərilir”

2 May 2016 16:00 (UTC+04:00)

"Beynəlxalq ictimaiyyət münaqişə ilə bağlı artıq tam məlumatlıdır. Biz bu illər ərzində bütün dünyaya sübut edə bilmişik ki, zərərçəkən tərəf bizik. Ermənistan işğalçı dövlətdir, Azərbaycan xalqına qarşı soyqırımı törədib, torpaqlarımızı işğal edib və bu işğalı davam etdirir".Movqe.az-ın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev təmas xəttində yerləşən Tərtər, Ağdam və Bərdə rayonlarına səfəri zamanı deyib.

 

Dövlət başçısı məsələ ilə məşğul olan Minsk qrupunun həmsədrlərinin də son vaxtlar dəfələrlə "status-kvo"nun qəbuledilməz və dəyişməli olduğunu bəyan etdiklərini qeyd edib. "Bu, nə deməkdir? O deməkdir ki, işğala son qoyulmalıdır. Bu, birbaşa Ermənistana ünvanlanan siqnaldır. Buna görə və eyni zamanda, görəndə ki, Azərbaycan dünya miqyasında daha da çox dəstək qazanır, onlar danışıqları pozmaq və işğalçı siyasəti davam etdirmək üçün vaxtaşırı silahlı təxribatlara əl atırlar. Biz bunu yaxın keçmişdə görmüşük. Xüsusilə 2014-cü ildə yay aylarında bizim mövqelərimizə hücum çəkmişlər. O vaxt da bizim Ordumuz layiqli cavab verdi. Həmin ilin noyabrında danışıqlarda müəyyən ümidlər yaranandan sonra Ağdam rayonunda onların özlərinin verdiyi məlumata görə, 47 min nəfərlik şəxsi heyətlə genişmiqyaslı təlimlər keçirmişlər. Bu, sırf təxribat xarakterli bir addım idi. Azərbaycan tərəfi bir neçə gün özünü çox təmkinlə apardı. Ancaq ondan sonra Ermənistanın iki hərbi helikopteri bizim mövqelərimizə hücum çəkdi. Azərbaycan Ordusu da onların birini məhv etdi. Bundan istifadə edən Ermənistan bizi günahlandırdı və danışıqlar prosesində yenə də durğunluq yarandı. Bu hadisəni bəhanə gətirərək bizi ittiham etməyə başladılar ki, Azərbaycan atəşkəsi pozur. Məqsəd də aydın idi ki, yenə də danışıqlar aparılmasın, işğalçı siyasət yenə də davam etdirilsin".

 

Dövlət başçısı qeyd edib ki, bu ilin əvvəlindən danışıqlar prosesində müəyyən irəliləyiş müşahidə olunur: "Bizdə olan məlumata görə, Ermənistana həmsədr ölkələr tərəfindən ciddi təzyiqlər göstərilir. Düzdür, onlar bunu açıq şəkildə bəyan etmirlər. Onlar həmişə çalışırlar ki, balans saxlasınlar. Amma həqiqət ondan ibarətdir ki, bu gün münaqişənin sülh yolu ilə həllini əngəlləyən tərəf Ermənistandır. Bunu görərkən əlbəttə ki, onlar növbəti təxribatlara əl atmağa qərar verdilər. Bu da aprelin əvvəlində baş verdi. Yenə də onlar silahlı təxribat törədib, bizim mövqelərimizə hücum çəkiblər. Azərbaycan Ordusu böyük məharətlə və peşəkarlıqla əks-hücum əməliyyatı keçirdi, düşməni yerinə oturtdu və təmas xəttində bizim mövqelərimiz daha da möhkəmləndi. Ermənistan tərəfinin xahişi ilə aprelin 5-də biz razılıq verdik ki, atəşkəs bərpa edilsin. Biz müharibə istəmirik. Biz istəyirik ki, məsələ sülh yolu ilə həll olunsun. Ancaq həll olunsun. Sadəcə olaraq görüntü naminə danışıqların aparılmasının heç bir mənası yoxdur. Beləliklə, aprelin 5-də razılığa gəlindi ki, atəşkəs rejimi bərpa edilməlidir. Biz buna əməl etdik, bu gün də əməl edirik. Ancaq əfsuslar olsun, Ermənistan yenə də özünü qeyri-səmimi aparır və aprelin 5-dən bu günə qədər elə gün olmur ki, atəşkəsi pozmasın. İlk günlərdə çalışırdı ki, bizim mövqelərimizə hücum çəksin, bizi əldə etdiyimiz o mövqelərdən çıxarsın. Görəndə ki, bu alınmır, Azərbaycan əsgəri, zabiti öz doğma torpağında möhkəm dayanır, mülki əhaliyə qarşı silahlı təxribatlara başladılar. Bizim kəndlərimiz atəşə tutulub. Mülki şəxslər həlak olub, yaralanıb. Bizim 500-dən çox evimizə ziyan dəyib, 100-dən çox ev tamamilə dağıdılıb, yaxud da ki, yandırılıb. Bax budur, erməni faşizminin eybəcər sifəti. Onlar birinci Qarabağ müharibəsində də belə hərəkətlər edirdilər, Azərbaycan xalqına qarşı Xocalı soyqırımı törədilib. Bu gün də döyüş meydanında görəndə ki, gücü çatmır, dinc əhalini hədəfə götürür".